Dünya çempionu Esports arenada qonaq oldu

Beynəlxalq qrossmeyster, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında qonaq olub.

Allsport.az xəbər verir ki, xanım şahmatçı ilə görüşən Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov G.Beydulllayevaya arena və ölkəmizdə elektron idmanın inkişafı barədə məlumat verib. Şahmatçıların hazırlıq zamanı kompüterdən istifadə etdiyini xatırladan A.Mahmudov elektron idman növlərinin birbaşa olaraq bilgisayarda oynanıldığını qeyd edib. Azərbaycanda populyar kompüter oyunları arasında şahmatın da olması xüsusi vurğulanıb.
Federasiya rəhbəri görüşün məhz 8 mart – beynəlxalq qadınlar günündə baş tutmasının böyük məna daşıdığını bildirib: “Azərbaycan xanımları müxtəlif sahələrdə uğur qazanmaqla daim ölkəmizin adını uca tutub. Şahmat kimi çətin idman növündə 20 yaşlılar arasında ilk azərbaycanlı dünya çempionu kimi Gövhər Beydullayeva gənclərə böyük nümunədir”.
Sonra Gövhər Beydullayeva kompüterdə şahmat oynamaqla dostluq görüşündə iştirak edib.
Görüşün sonunda Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov dünya çempionunu bayram münasibəti ilə təbrik edib, Gövhər Beydullayevaya Avropa çempionatında uğurlar arzulayıb.

Həmin kateqoriyadan