Camalovun gerçəkləşən arzusu

“Azarkeslərimizi həm yaxsı futbol, həm də nəticə ilə sevindirmək istəyirik. Bir neçə ugursuz oyunlardan biz də üzülmüsdük. Sükür ki, “Xəzər Lənkəran”la matçda qələbə qazandıq. Düsünürəm ki, həmin matçda əldə etdiyimiz nəticə yaxsılıga dogru dönüs nöqtəsi olacaq”. Allsport.az xəbər verir ki, bunları “Qəbələ”nin futbolçusu Elvin Camalov klub qəzetinə açıqlamasında deyib. Qıs fasiləsindən sonra hər oyunda əsas heyətdə yer alan gənc yarımmüdafiəçi son qalibiyyətlə baglı təəssüratlarını bölüsüb.

“Kubokda şansımız daha çoxdur”

Elvinin fikrincə, “Qəbələ”nin qazandığı əzmkar qələbə komandanın xarakterinin göstəricisidir: “3 xal bizə heç də asan başa gəlmədi. Oyunda, xüsusilə, ilk hissədə çoxlu qol imkanlarımız olsa da, yararlana bilmədik. Rəqib isə əlinə düşən fürsətdən istifadə etdi. Ancaq qarşıda daha bir 45 dəqiqəmiz vardı və oyunu öz xeyrimizə dəyişmək üçün xarakter göstərməliydik.Biz də bunu bacardıq. Meydanda birbirimizə dəstək olmaqla, səhvləri sığortalamaqla məqsədimizə çatdıq”.

Camalov bundan sonra qələbələri sıralayacaqlarına inandığını bildirib: “Komanda şəklində oyun sistemimizi ortaya qoymaq istəyirik. Futbolçularda özünəinam böyükdür. Qarşıda bizi 4 gün ərzində 2 ardıcıl çətin sınaq gözləyir. “Qarabağ”ı Qəbələdə necə məğlub etmişiksə, rəqib meydanında da buna nail olmağa çalışacağıq. “Simurq”dan Zaqataladakı son məğlubiyyətin əvəzini isə kubokda çıxacağıq”.

20 yaşlı futbolçu “Qəbələ”nin hər iki “cəbhə”də sonadək mübarizə aparacağını deyir: “Premyer Liqada əsas rəqiblərimizlə xal fərqi böyükdür. Ancaq həyatda olduğu kimi, futbolda da gözlənilməz məqamlar çox olur. Çempionatda mükafatçılar sırasına düşmək şansımız az olsa da, ilk üçlüyə düşmək üçün sonadək mübarizə aparacağıq. Kubokda isə şansımız daha çoxdur və bu titulu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çox güclü xarakterə malik komandamız var”.

Elvin “Xəzər Lənkəran”la oyun öncəsi xoş xəbər alıb. Millimizin xorvatiyalı yeni baş məşqçisi Robert Prosineçkinin ilk siyahısına onun da adı düşüb. Bununla da, gənc yarımmüdafiəçi yığmanın Antalyada başa çatan 6 günlük hazırlıq prosesində, o cümlədən, “Şaxtyor”la yoldaşlıq görüşündə iştirak edib. Nəticədə 20 yaşlı futbolçu millidə debütünü gerçəkləşdirib. Özünün dediyinə görə, “Neftçi”ylə uğursuz matçdan sonra məyus olduğundan, millidən gələn dəvət lap yerinə düşüb: “Əslində, “Neftçi”ylə oyunda məğlubiyyətə layiq deyildik. İlk hissədə yaxşı oyun nümayiş etdirərək, hesabı açdıq. Ancaq ikinci hissədə buraxdığımız səhvlər nəticəsində məğlub olduq. Buraxılan 2 qolda səhvim olduğundan, məğlubiyyətdə daha çox özümü günahlandırırdım. Əsas məsələ səhvlərdən nəticə çıxartmaqdır. Millidən gələn dəvətə görə isə çox sevindim. Bu məyusluqdan sonra milliyə çağrılmağım mənə böyük stimul verdi. Bunun ardınca “Xəzər Lənkəran” üzərində qazandığımız qələbə əhval-ruhiyyəmi daha da yüksəltdi. Bu da, milliyə böyük motivasiya ilə yollanmağa, özümü daha yaxşı göstərməyə imkan yaratdı. Millinin şərəfini qorumaq hər futbolçunun arzusudur. Bu arzuma çatdım, bundan sonra qalır etimadı doğrultmaq. Yığmadan yenə dəvət almağı arzulayıram”.

“Hələ təcrübəyə ehtiyacım var”

Bu yaşda əsas yığmaya çağırılması futbolçu üçün sevindirici olduğu qədər də, məsuliyyətlidir. Elvin bunu yaxşı başa düşür: “Milliyə çağırılıramsa, deməli, daha yaxşı formada olmalıyam. Öz üzərimdə daha çox çalışmalı, işimdə məsuliyyətli olmalıyam. Həm klubuma, həm də milliyə layiqli futbolçu kimi karyeramı uğurla davam etdirməyə çalışacağam. Fürsətdən istifadə edərək qəzetimiz vasitəsilə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Çünki onlar hər zaman olduğu kimi, bizdən dəstəklərini əsirgəmirlər. Azarkeşlərimiz ümidlərini üzməsinlər. Çünki biz futbolçular ruhdan düşməməyə çalışır və gələcəyə nikbin baxırıq”.

Elvin “Qəbələ” Futbol Akademiyasının milli komandalarımızın heyətində çıxış etmiş ilk yetirməsidir. O, hələ 2010-cu il oktyabrın 22-də U-17-nin heyətində Portuqaliyaya qarşı oyunda meydana çıxmaqla bunu gerçəkləşdirib. Futbol akademiyasına 2009-cu ilin yay seçimlərində Qaxdan gələn Camalov növbəti tarixi hadisəni gerçəkləşdirib:

“Akademiyamızdan əsas yığmaya çağırılan ilk futbolçu olmaq mənim üçün tarixi hadisədir və bununla fəxr edirəm. Amma gənc futbolçu kimi hələ təcrübəyə ehtiyacım var. Akademiyamızın üzərimdə əziyyəti çox olub. Buna görə rəhbərliyə, məşqçilər heyətinə minnətdaram. Bu nailiyyətimdə tək mənim deyil, bu işdə əməyi olan hər kəsin payı var”.

Həmin kateqoriyadan