- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakının “İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacağınız AzAL-la oyuna necə hazırlaşırsız?
– Artıq bir neçə gündür məşqlərimiz davam edir. Bütün gücümüzü qoyub bu oyuna yaxşı hazırlaşmağa çalışırıq ki, qalib gələk. Çünki uduzub liderlərdən uzaqlaşmaq istəmirik.
– Bu tur əsas rəqiblərinizdən “Qarabağ” və “Neftçi”nin öz aralarında oyunu var. Kimin xal itirməsi sizin üçün sərfəli nəticədir?
– “Qarabağ”ın xal itirməsini istərdim. Çünki biz AzAL-a qalib gəlsək, aramızdakı xal fərqini azalda bilərik.
– Qış fasiləsinə turnir cədvəlində hansı yeri tutmaqla getmək sizi qane edəcək?
– Bu mövsüm əsas məqsədimiz çempion olmaqdır. Buna görə də qış fasiləsinə kimi qarşımızda duran vəzifənin bir hissəsini həll edib ilk üçlükdə qərarlaşmaq istəyirik. “İnter” hər mövsüm çempionluğa oynayan komandadır.
– Robert Prosineçkinin millinin baş məşqçisi təyin olunmasını necə qarşıladın?
– Fikrimcə, bu, bizim üçün yeni nəfəs olacaq. Gənc məşqçidir. O da istəyər ki, gələcək karyerası üçün uğur əldə etsin. Prosineçkini futbolçu kimi izləmişəm. Amma məşqçi karyerası haqda məlumatım yoxdur. Bəlkə də onun sisteminin bizə xeyri dəyəcək.
– Prosineçki deyib ki, millidə gəncləşdirmə siyasəti aparacaq. Səncə, bizdə belə perspektivli gənclər var?
– Əslində “İnter”, “Qarabağ”, “Neftçi” və digər klublarımızda çox yaxşı gənc futbolçular çıxış edir. Sadəcə olaraq, onlara şans vermək lazımdır. Məncə, bu, yaxşı qərardır.
– Bəs, özün necə, millidən dəvət gözləyirsən?
– Milli komanda üçün çox darıxmışam. İki ildir demək olar, milliyə çağırılmırdım. Yenidən Azərbaycan millisinin şərəfini qorumağı çox istəyirəm.
– Səncə, Berti Foqts Azərbaycan futboluna nə verdi?
– İlk günlərdə Foqts futbolçulara dəyər verirdi. Sistem olaraq çox yaxşı seçimlər edirdi. Ondan sonra artıq o, adiləşməyə başladı. Gedənin arxasınca danışmaq düzgün deyil. Foqtsun millini çalışdırdığı vaxtlarda yaxşı nəticələrimiz də oldu. Bir çox güclü komandalara qarşı layiqli mübarizə apardıq. Türkiyə, Belçika, Rusiya kimi komandalardan Bakıda xal almağı bacardıq. Son oyunlarda Foqtsun uğursuzluğunun səbəbi heyətdə tez-tez dəyişiklik etməsi idi. Həmişə gedib əcnəbilərdən “yapışırdı”. Mən həmişə demişəm, oyunçularla da danışmışıq ki, türklərin yerinə özümüzünkülər millidə oynasa, yaxşıdır. Onlar bizə xeyir vermir. Əgər bizimkilərdən üstün olsaydılar, təbii ki, başımız üstə yerləri var.