FİDE prezidenti Mahir Məmmədovu mükafatlandırdı

Bakıda FİDE-nin 87-ni Konqresinin iştirakçıları üçün ziyafət təşkil edilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən qurumun başçısı Kirsan İlüumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının özəllikləri barədə danışıb: “Bakı Şahmat Olimpiadası artıq sona yaxınlaşır. Amma əminliklə söyləmək olar ki, yarış uzun müddət yaddaşlarda qalacaq. Olimpiadanın təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Azərbaycan hökümətinə, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova çox sağ ol deyirəm.

Eyni zamanda, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin iş olduğu barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. FİDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımı bildiririk”.

Çıxışının sonunda Kirsan İlümjinov Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığı və şahmatın inkişafındakı xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim edib.

Həmin kateqoriyadan