- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Ukraynanın Odessa şəhərində karatenin Qocyu-Ryu Kobudo növü (WGKF) üzrə 8-ci dünya kuboku uğrunda yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz mötəbər yarışa WKC növləri üzrə Karate-Do Federasiyasının 30-a yaxın idmançısı ilə yollanıb.
Komandamızın heyətində “Günəş” idman klubunun 11 idmançısı yer alıb. Bunlardan biri də 13 yaşlı Ayxan Ələkbərzadə olub. Karatenin kontakt növündə 54 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ölkəmizin aktivinə bürünc medal yazdırıb. Bu növdə yığmamız komanda yarışında isə 1-ci yerə layiq görülüb.
Məlumat üçün qeyd edək ki, 15 ölkədən güclü idmançıların yarışdığı turnirdə Ayxan 1/8 finalda belaruslu, 1/4 finalda isə latviyalı həmkarına qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rəqib Ukrayna idmançısı olub. Lakin hakimin müəmmalı qərarı Ayxanı dünya kubokunun finalından məhrum edib.
Ayxan Ələkbərzadə idmanın karate növü ilə 2 ildir məşğul olmasına baxmayaraq, bir sıra nailiyyətlər qazanıb. Hazırkı məşqçisi Orxan Süleymanov Ayxanın istedadlı olduğunu görərək bir sıra respublika və paytaxt miqyaslı yarışlarda onu sınamaq qərarına gəlir. O, yarışlarda müəlliminin ümidlərini doğruldaraq uğurlar qazanır. Dəfələrlə respublika və paytaxt yarışlarında birinci yerə layiq görülür. İlk beynəlxalq yarışlardakı uğuru isə Ukraynada dünya kubokunda qazandığı bürünc medaldır.
Ayxan bizimlə söhbəti zamanı qeyd etdi ki, qısa müddət ərzində dünya kubokunda uğurla çıxış etdiyi üçün çox sevinclidir: “Bu idman növünü çox sevirəm. Gələcəkdə ən böyük arzum ölkəmizə daha çox medallar qazandırmaq, himnimizi səsləndirməkdir. Fürsətdən istifadə edib “Günəş” idman klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Bizim uğur qazanmağımız üçün əllərindən gələni əsirgəmirlər”.
60 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Ayxan dərslərindən də geri qalmadığını bildirir: “Dərslərimi də yaxşı oxumağa çalışıram. Məktəbdən gəldikdən sonra bir qədər istirahət edir, sonra 4-5 saat idmanla məşğul oluram”.
A.Ələkbərzadənin uğurları hələ qarşıdadır. Əsas məqsədi isə Gürcüstanda təşkil olunacaq Avropa çempionatında qızıl medal qazanmaqdır. Ümid edirik ki, yeniyetmə idmançımız qarşısına qoyduğu məqsədə nail olacaq, qələbə ilə qayıdaraq ümidləri doğruldacaq.
Elçin CƏFƏROV, “Azərbaycan”