BƏYANAT
“Məqsədli şəkildə səhv məlumat yayanlar öz cəzalarını alacaqlar”

“Son günlər Fransa, ardınca bəzi Azərbaycan KİV-lərində mənim majoritar səhmdarı olduğum “Lans”ın maliyyə problemlərinə dair bəzi məlumatlar yayılmaqdadır. Bu mediya orqanları klubun büdcəsinin formalaşdırılması və oyunçu transferi üçün 2.5 milyon avronu mənim adımdan borc qismində başqa investor köçürüldüyünü xəbər verir. İddia olunur ki, əgər mən həmin borcu qaytarmasam yanvarın 1-dən etibarən klubun sahibi həmin investor olacaq”. Allsport.az saytının məlumatına görə, “Baghlan Group” Holdinqinin prezidenti, “Lans”ın səhmlərinin üçdə ikisinin mülkiyyətçisi Hafiz Məmmədovun təcili bəyanatında belə deyilir.

Son günlər Fransa KİV-ləri “Lans” prezidenti Jerve Martel, Hafiz Məmmədov və Anar Məmmədova bağlı “Point to Point” offşor şirkəti arasında bağlanmış müqavilədən yazır. Bildirilir ki, bu müqaviləyə əsasən Azərbaycanlı iş adamının əvəzindən “Lans”a 2.5 milyon avronu adı son çəkilən şəxs ödəyib. Əgər həmin məbləğ qaytarılmasa, komandanın səhmləri Anar Məmmədovun mülkiyyətinə keçəcək. Sonra Fransa mənbələrində belə məlumat yayıldı ki, Hafiz Məmmədov həmin müqaviləyə imza atmadığını, oradakı imzanın saxta olduğunu bildirir.

Bəyanat haqqin.az və virtualaz.org saytlarının redaksiyasına göndərilib. Bəyanatda daha sonra deyilir: “Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil”.

O, həmçinin şirkətinin müflis olması haqda deyilənlərə aydınlıq gətirib: “Mənim şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır, uydurmadır. Söhbət ancaq pul vəsaitlərinin likvidliyinin çatışmazlığından gedir və bunun nəticəsində bir sıra layihələr üzrə maliyyə ödənişləri mənim tərəfimdən gecikdirilib. Bu isə öz növbəsində bir neçə il ərzində iri biznes layihələrinə yatırımlarla əlaqəlidir. Gözlənilməz vəziyyətlərdən irəli gələn mürəkkəbliklər var, ancaq heç bir defoltdan və müflis olmaqdan söhbət gedə bilməz. Bizim “Lans”ı maliyyələşdirmək üçün böyük imkanlarımız var. Bizim fransız klubunun maliyyələşdirilməsini 100 il ərzində həyata keçirmək üçün sağlam ambisiyalarımız mövcuddur.

Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans”ın tarixi əhəmiyyətini nəzərə alaraq, biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəsüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.

Həmin kateqoriyadan