“Harri Kasparovu Fransız müdafiəsində, amma fərqli variantda məğlub etmişdim”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” turnirinin 7-ci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, qrossmeysterimiz mətbuat konfransında fransız müdafiəsindən istifadə etdiyini söyləyib:

“Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq. Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi”.

Teymur Rəcəbov ShamkirChess2016 turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: “Əlbəttə, altı heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra altı heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik”.

 

Həmin kateqoriyadan