İsmayıl İsmayılov: Vüqar Həşimov xalqımızın layiqli övladı olub
21 aprel 2017 / 10:14 Baxış sayı: 1703 Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2017” superturnirinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, Mərhum şahmatçımızın xatirəsinə superturnirinin ənənəvi keçirildiyini, bu yarışda dünyanın ən güclü şahmatçılarının iştirak etdiyini deyib. O, Şəmkirə gəlmiş qonaqları salamlayıb, artıq 4-cü dəfə keçirilən turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib: “İldən-ilə bu turnirin reytinqi artır. Ən güclü şahmatçıların “Shamkir Chess” superturnirinə marağı çoxalır. Bu dəfə “Bakı-2017″ IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə yarışı paytaxtdan 400 km aralıda keçirmək qabiliyyətimizi göstəririk”. Şəmkirin İcra Hakimiyyətinin başçısı yarış iştirakçılarına uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərhum qrossmeysterimizin dünyanın ən güclülərindən olduğunu, onun milli komandamızdakı xidmətlərindən danışıb. O, bu turnirdə ən tanınmış şahmatçıların iştirakının həmyerlimizin xatirəsinə ehtiram olduğunu vurğulayıb. Nazir müavini Şəmkirin beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu qeyd edib. Dövlət rəsmisi turnirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib, mərhum şahmatçının xalqımızın layiqli övlad olduğunu deyib.
AŞF-nin vitse-prezidenti Mahir Məmmədov ənənəvi xarakter alan yarışın V.Həşimovun xatirəsini yaşatmaqda öməmli rol oynadığını, bu turnirin dünya şahmatsevərlər tərəfindən səbirsizliklə gözlənildiyini deyib. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini, ötən il 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. M.Məmmədov yarışda iştirak edən şahmatçılara uğurlar arzulayıb. Sonra 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan videoçarx nümayiş olunub.
FİDE prezidenti Kirsan İlümjinov artıq 3-cü dəfədir Şəmkirə gəldiyini bildirib: “Bağışlayın, hələ rusca danışacağam. Turnir 5-ci dəfə keçiriləndə söz verirəm ki, Azərbaycanca danışacağam. Vüqar Həşimovun valideynlərinə minnətdaram ki, belə oğul böyüdüblər. Yadımdadır, 2004-cü ildə Vüqar Həşimov atası ilə Yunanıstanda mənə yaxınlaşdı və dedi ki, mən Heydər Əliyevin komandasındanam. Yəqin ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət səviyyəsində şahmata dəstəyi olmasaydı, bu cür yüksək nailiyyətlər göstərən şahmatçılar yetişməzdi”.
Qonaq əlavə edib ki, Şəmkir Azərbaycanın Linaresidir: “Linares də məhz tanınmış şahmatçılar orada hər il oynadıqdan sonra dünyada məşhurlaşdı. Gələn il Şəmkiri Azərbaycanın Linaresi adlandıracağıq”.
Beynəlxalq qurumun rəhbəri Azərbaycanda Şahmatın İnkişafına dair Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb, ölkə rəhbərliyinə idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mərhum şahmatçımız V.Həşimovun atası Qasım Həşimov turnirin artıq 4-cü dəfədir yüksək səviyyədə keçirildiyini və ən güclü şahmatçıları növbəti dəfə bu yarışda görməkdən məmnunluğunu bildirib. O, turnirin əhəmiyyətindən söz açıb və təşkilatçılara minnətdarlığını bildirib. Q.Həşimov ölkəmizdə şahmata dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayıb.
Daha sonra Vüqar Həşimov Şahmat Akademiyası ilə bağlı videoçarx nümayiş olunub. Təşkilat komitəsinin sədri Fərid Hüseynov çıxış edib və yarış açıq elan olunub. Yarışın püşkatma mərasimi keçirilib. Tədbir bədii hissə ilə davam edib.