Kamandan oxatma millisində yeni əməkdaşlıq

Azərbaycan idman akademiyasında Azərbaycan kamandan oxatma federasiyanın baş katibi Fərid Xəlilovun məşqçi heyəti və idmançılarla geniş tərkibli görüşü baş tutub.

Allsport.az xəbər verir ki, görüşün gedişatında qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlıq strategiyası, habelə təlim-məşq prosesinin keyfiyyətinin yüksəldilməsi məsələləri əsas müzakirə mövzusu olub. Tədbir zamanı yeni yarış təqvimi və perspektiv planlar ətraflı təhlil edilərək, idmançıların yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə təşkil olunacaq təlim-məşq toplanışları barədə müvafiq qərarlar qəbul edilib.

​Müzakirələrdə texniki direktor Vladimer Lekveişvili və baş məşqçi Natiq Fazilov çıxış edərək komandanın hazırkı fiziki-texniki vəziyyəti, həmçinin hazırlıq mərhələsində tətbiq olunan yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, komandanın beynəlxalq arenalarda rəqabətədavamlılığını artırmaq üçün kompleks yanaşma tətbiq olunur.

​Tədbirin ən mühüm hissəsi isə federasiya tarixində ilk dəfə olaraq dünya şöhrətli “Macron” brendi ilə beynəlxalq əməkdaşlığa başlanılmasının elan edilməsi olub. Milli komandamızın rəsmi sponsoru olan “Macron” şirkətinin yeni geyimlərində tədbirə qatılan idmançılarımız, bundan sonra ölkəmizi beynəlxalq arenalarda məhz bu brendin formalarında təmsil edəcəklər. Bu əməkdaşlıq federasiyanın beynəlxalq nüfuzunun artması və idmançıların təchizatının ən yüksək standartlara çatdırılması yolunda atılan strateji addım kimi qiymətləndirilib.

Həmin kateqoriyadan