Karate üzrə seminar və imtahan

12-14 dekabrı əhatə edən XXXIII ümumrespublika texniki seminarı və imtahanı Azərbaycan karate federasiyasının təşkilatçılığı start götürüb.

Allsport.az xəbər verir ki, IX dan qara kəmər sahibi, şotokan karate üzrə dünyaca tanınmış ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə keçirilən məşğələnin ilk günündə 100-dən çox idmançı və məşqçi iştirak edib.

Tədbirin əsas məqsədi şotokan karate üzrə texniki hazırlığın təkmilləşdirilməsi, idmançı və məşqçilərin bilik və bacarıqlarının beynəlxalq tələblərə uyğun şəkildə artırılmasıdır. Seminar müddətində iştirakçılara şotokan məktəbinin fundamental prinsipləri, texniki göstəriciləri və imtahan prosedurları üzrə ətraflı təlimlər təqdim olunur.

Seminarın ilk günü həmçinin əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan karate federasiyasının vitse-prezidenti, fəxri bədən tərbiyəsi və idman xadimi, 7-ci dan qara kəmər sahibi Rəhman Hətəmov dünya şotokan karate-do federasiyası (WSKF) tərəfindən təsis edilmiş “Dünya çempionları klubu” adına xüsusi medalla təltif olunub. Bu mükafat ona ölkəmizdə karatenin inkişafına göstərdiyi xidmətlərə görə təqdim edilib.

XXXIII Ümumrespublika Texniki Seminarı və İmtahanının təşkili karate idmanının ölkəmizdə inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və peşəkar kadr hazırlığının dəstəklənməsinə mühüm töhfə verir.

Həmin kateqoriyadan