Karateçilərimiz Avropa çempionatına yollanır

Milli komandamız yeni səfər ərəfəsindədir. Allsport.az saytı xəbər verir ki, karateçiərimiz 5-8 mayda Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında iştirak edəcəklər.

Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamaov (+84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaqlar.

İdmançılarımız həmçinin kişi və qadınların komanda kumite turnirində çıxış edəcəklər. Asiman Qurbanlı ilə Orxan Heydərli komanda yarışlarında heyətə qatılacaq. Kata çıxışlarında idmançılarımız fərdi yarışlarda iştirak edəcəklər. Roman Heydərovla Neda Rezai mükafatlar uğrunda mübarizə aparacaqlar.

Məşqçilərdən Vahid Ayvazov, Şahin Xudaverdiyev və Seymur Hüseynov, beynəlxalq hakimlərdən isə Yusif Məmmədov, Cahangir Babayev, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva qitə çempionatına yollanacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə həmçinin 1-ci vitse-prezident Rəhman Hətəmov, baş katib Mir-Cabbar Seyidov, mətbuat katibi Sənan Məhərrəmov və federasiyanın həkimi Pərvin Əkbərov da yer alıb.

Federasiya rəhbərliyi qitə çempionatından bir gün əvvəl Avropa Karate Federasiyasının növbəti konfransında iştirak edəcək. 51-ci Avopa çempionatında 46 ölkədən 437 idmançı yarışacaq. Fransaya mayın 3-də yola düşən 26 nəfərlik heyət bir həftə sonra vətənə dönəcək. 

Həmin kateqoriyadan