Kişi şahmatçılarımız bu Avropa çempionatında 7-ci, qadınlarımız 16-cı oldu

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 66 komanda mübarizə aparıb.

Avropa çempionatının yekun turunda kişilərdən ibarət Azərbaycan millisi Almaniya seçməsi ilə sülh bağlayıb. Teymur Rəcəbov və Rauf Məmmədov rəqibləri ilə xalı yarı bölüblər. Şəhriyar Məmmədyarov Liviu-Dieter Nisipeanu üzərində qələbə qazansa da, Eltac Səfərli bu turda məğlub olub. Yekunda kişilərdən ibarət Azərbaycan komandası Avropa çempionatını 11 xalla 7-ci yerdə başa vurub.

Qadınlardan ibarət yığmamız isə sonuncu turda İngiltərə millisinə 3,5:0,5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədova, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva rəqiblərini təslim etməyə müvəffəq olublar. Zeynəb Məmmədyarova isə heç-hecə edib.

Beləliklə, qadınlardan ibarət milli komandamız 9 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Çempion adını isə həm kişi, həm də qadın komandaları arasında Rusiya yığması qazanıb.

Həmin kateqoriyadan