Latviya maliyyə naziri və milli şahmatçısı: “Siyasətdə bir neçə gedişi əvvəldən görməlisən”

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunda, qadınların mübarizəsində sensasiya olub. Allsport.az saytı xəbər verir ki, latviyalı Dana Reyznietsa-Ozola Çin yığmasının lideri, dünya çempionu Hou Yifanı məğlub edib. Düzdür, ümumi nəticədə asiyalılar rəqibinə 2,5:1,5 hesabı ilə qalib gəlib. Amma Reyznietsa-Ozolanın uğuru böyük əks-səda doğurub. Xanım şahmatçı ilə maraqlı bir məqam da var. O, Bakı Şahmat Olimpiadasında mübarizə aparan Dana Reyznietsa-Ozola Latviyanın maliyyə naziridir. 

Ali qonaq qələbəsini belə şərh edib: “Dünya çempionu üzərində qələbə mənim üçün bayramdır. Latviyadan xeyli təbrik zəngi gəldi. Təəssüratlarım çox yaxşıdır. Hər halda, şahmat kraliçasını məğlub etmək insana hər gün qismət olmur. Təkcə nəticədən yox, həm də oyundan razıyam. Hər partiya kiçik həyatdır”.

Reyznietsa-Ozola şahmat və dövlət işi ilə eyni vaxtda məşğul olmasından da söz açıb: “Hər şey asandır. Balansı qorumaq mümkündür. İşimdə xeyli enerji sərf edirəm. Birinci lövhədə mübarizə aparmağım lider olmağımın göstəricisidir”.

Latviyalı şahmatçı olimpiadadan öncə yaxşı hazırlıq keçdiklərini bildirib: “Reytinqə görə yarış iştirakçıları arasında iyirminci yeri tuturuq. Bakıya gəlməmişdən öncə təlim-məşq toplanışında olduq. Həm nəzəri, həm də praktiki məşğələlər keçdik. Bir ailə kimi yarışa hazırlaşmışıq”.

Dana Reyznietsa-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: “Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətdə bir neçə gedişi əvvəldən görməlisən. 4 övlada sahibəm. Böyük qızımın 13 yaşı var. Amma o, daha çox futbol və basketbolla məşğul olur”.

Sonda isə latviyalı xanım Bakı olimpiadasının yüksək səviyyədə təşkilinə toxunub: “Bu, iştirak etdiyim sayca 8-ci, ümumilikdə isə gördüyüm ən yaxşı olimpiadadır. Hər şey çox yaxşı təşkil olunub. İnsan özünü çox rahat hiss edir. Bu cür yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdaram”.

Həmin kateqoriyadan