Lisenziya yarışlarının hazırlıqlarına start

Yunan-Roma və sərbəst güləş yığmalarımız bu gündən növbəti təlim-məşqə start veriblər. Allsport.az xəbər verir ki, toplanış martın 19-dan 22-dək Macarıstan paytaxtı Budapeştdə keçiriləcək Avropa olimpiya təsnifat turnirinə hazırlıqdır. “Klassiklər” yarışın startına qədər toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində intensiv çalışmalarını davam etdirəcək.

Sərbəst güləş millimiz Kislovodskda hazırlığa başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü prosesdə iştirak edirlər. Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi – 57 kq), Hacı Əliyev, Turan Bayramov (65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (74 kq), Osman Nurməhəmmədov, Əbubəkr Abakarov (86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq).

Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə AGF-in vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir. Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmirlər.

Həmin kateqoriyadan