Məmmədyarov ilk turda Aronyana rəqib oldu

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” seriyasının “Meltvater” turnirinin püşkü atılıb. Allsport.az xəbər verir ki, birinci turda Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla, Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə üz-üzə gələcəklər.

Turnirdə adıçəkilən şahmatçılarla yanaşı, norveçli dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçisi Yorden Van Forest, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, iranlı Alireza Firuzca, ispaniyalı David Anton Quijarro, argentinalı Alen Pişo və isveçli Nils Qrandelius mübarizə aparacaqlar.

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub. O, bundan əvvəlki “Opera Euro Rapid” turnirində bürünc medal qazanıb. Həmin yarışın qalibi amerikalı qrossmeyster Uesli So olub. Uesli So seriya çərçivəsində keçirilmiş birinci turnirdə (“Skilling Open”) də fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Hazırda şahmatçımız Rəcəbov seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayaraq Uesli So ilə ilk pilləni bölüşür.

Həmin kateqoriyadan