- Baxış sayı: 77
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kurslarının açılışı olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan velosiped idmanı federasiyası (AzVİF) və Azərbaycan respublikasının elm və təhsil nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.
Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.
Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq.
Nazirliyin federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki gənclər və idman nazirliyinin olimpiya idman komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər.
Onlar elm və təhsil nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan velosiped idmanı federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.
Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan həmkarlar ittifaqları konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.