Mahir Məmmədov: Hər 2 komandamız Avropa çempionatına iddialı yollanacaq

“Kişi şahmatçılardan ibarət Azərbaycan millisi həmişə olduğu kimi, yarışlarda iddialı çıxış edir. Komandanın kapitanı olmaq həmişə böyük şərəfdir. Bu dəfə də Şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov kapitanlıq edəcək. Qadınlardan ibarət yığmaya isə Fikrət Sideifzadənin rəhbər olacaq. Qadın şahmatçılarımız həmişə bizi yaxşı mənada təəccübləndiriblər. Onlar Türkiyədə keçirilən Avropa çempionlar kubokunda gümüş medal qazandılar. Bu nəticə qadın şahmatçılardan ibarət yığma komandamıza böyük stimul olacaq”. Bu açıqlamanı AŞF-in vitse-prezidenti Mahir Məmmədov deyib. O, Yunanıstanda start götürəcək komandalar arası qitə Avropa çempionatı ilə bağlı bunu əlavə edib:

“Hazırda Azərbaycanda hər hansı böyük şahmat yarışının təşkili gözlənilmir. Bununla belə, FIDE qadınların qran-pri turnirinin bir mərhələsini Bakıda keçirmək təklifini irəli sürüb. Bu məsələ müzakirə edilir. Amma hələ heç bir razılaşma yoxdur.

Noyabrda İspaniyada keçiriləcək qran-pri şahmatçılarımız üçün həlledici turnirdir. Şəhriyar Məmmədyarov artıq iştirak həddini başa vurub. Teymur Rəcəbov daha bir yarışda – Palma de-Malyorkadakı turnirdə çıxış edəcək. İddiaçılar sırasına düşmək üçün ona mükafatçılardan biri olmaq yetərlidir. Lakin digər şahmatçıların da çıxışı çox önəmlidir. Ona görə sonuncu yarışı gözləmək vacibdir. Hər iki şahmatçımızın iddiaçılar turnirinə vəsiqə qazanmaq imkanları yüksəkdir”.

Həmin kateqoriyadan