Mahir Məmmədov: Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır

“Olimpiadanın ekvatoruna çatmışıq. Bu gün istirahət günüdür. Əsl mübarizə də bundan sonra başlayacaq. Ümidvaram ki, yarışın gedişatı şahmatsevərləri və media nümayəndələrini qane edir”. Allsport.az saytı xəbər verir ki, bunu BCOOC-nin direktoru Mahir Məmmədov deyib. O, olimpiadanın hazırlığının gərgin keçdiyini söyləyib:

“Olimpiadanı keçirmək hüququ qazananda qarşımıza məqsəd qoymuşduq ki, yarışı ən yaxşı şəkildə keçirək. Məqsədimiz olimpiadanı şahmat bayramına çevirmək idi. Hazırlıq prosesi gərgin alındı. Bakı Şahmat Olimpiadasının digərlərindən nə dərəcədə seçildiyini demək təvazökarlıqdan uzaq olar. Olimpiada başa çatdıqdan sonra işimizə qiymət veriləcək. Çalışırıq ki, olimpiadanın hər bir iştirakçısı üçün gözəl şərait yaradaq”.

AŞF-in vitse-prezidenti olimpiadanın gedişi zamanı ortaya çıxan problemlərdən də söz açıb: “Çalışırıq ki, hansısa problem çıxanda yerindəcə həll edək. Əlbəttə, nə qədər yarışa diqqətlə hazırlaşsan da, fors-major hallar qaçılmazdır. Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır.

Giriş-çıxış qapılarında nəzarət çox güclüdü. Oyunlardan əvvəl bildirilmişdi ki, kapitanlar yalnız bir dəfə çıxa bilər. Ancaq Yunanıstan yığmasının kapitanı bu şərti pozmuşdu. Ona görə də mühafizə xidməti haqlı olaraq onu zala buraxmaq istəmirdi”.

Həmin kateqoriyadan