Mahir Məmmədov: Müəyyən məqamda qızların şahmat bəxtləri gətirmədi

Çex Respublikasının paytaxtı Praqada şəxsi Avropa çempionatında uğur qazanan şahmatçılarımızı Heydər Əliyev beynəlxalq hava limanında qarşılayan AŞF-in prezidenti Mahir Məmmədov, jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, xanım şahmatçıların olimpiadadakı çıxışını xatırladıb:

“Mən Hindistandakı şahmat olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən olimpiadada çox uğurlu çıxış etdik. Qadın şahmatçılardan ibarət millinin son turadək çempionluq şansı vardı. Son turun 2 saatı keçəndən sonra elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik. Olimpiada çox ağır turnir idi.
Çexiyada şəxsi Avropa çempionatı güclülərin iştirak etdiyi samballı yarışdı. Belə yarışda uğurlu çıxış etməyin qiyməti çox dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı”.

AŞF rəhbəri polşalı Avropa çempionu Monika Soçko ilə görüşdə hər 3 Azərbaycan şahmatçısının qələbəyə yaxın olduğunu bildirib: “Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Birinci yerə çıxmaq fürsətimiz vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva qitə çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi”.

Mahir Məmmədovun sözünə görə, qadın şahmat millisinin uğurları hələ qabaqdadır: ” Azərbaycan şahmatçıları dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər şahmat federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır”.

Avropa çempionatında Azərbaycanın 7 qadın şahmatçısı mübarizə aparıb. Bunlardan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Həmin kateqoriyadan