Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

“Vüqar Həşimov Memorialı-2022”nin iştirakçıları dekabrın 21-də II Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər. Allsport.az saytı xəbər verir ki, iştirakçılar şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar. Turnirin direktoru Anar Allahverdiyev mərhumun dünya şahmatında qazandığı nailiyyətlərdən və idmanın bu növünün ölkəmizdə inkişafına verdiyi töhfələrdən söz açıb.

Azərbaycan şahmat federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ilk memorialdan güclü idmançıların iştirak etdiyini deyib: “Vüqar peşəkar idmançı olmaqla yanaşı, gözəl insan idi. Onun oyunları bu gün gənc şahmatçılar üçün örnəkdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Xalq yazıçısı Çingiz Abdullayev istedalı qrossmeysterin qazandığı nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, cavan yaşda bir insanı itirmək ağır hissdir. Əgər bu şəxs istedadlı insandırsa, ikiqat ağırdır. Hər bir azərbaycanlı Vüqarla fəxr etməlidir. Hər bir insan tarixdə iz qoymağı bacarmır. Ancaq Vüqar cavan yaşında bunu bacardı. Təkcə valideynləri, doğmaları deyil, bütün azərbaycanlılar Vüqarla fəxr edə bilərlər.

Azərbaycan bədən tərbiyəsi və idman akademiyasının prorektoru Bəxtiyar Rüstəmov, tanınmış rusiyalı şahmatçı Yevgeni Tomaşevski, turnirin iştirakçıları özbəkistanlı Nodirbek Abdusattorov və ispaniyalı Fransisko Valeho Pons çıxış edərək, Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən, dünya şahmatında özünəməxsus oyun üslubundan danışıb, memorialın bu ildə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Vüqar Həşimovun atası Qasım Həşimov oğlunun bu gün aramızda olmasa da, xatirəsinin həmişə ürəklərdə yaşayacağını bildirib. Qeyd edib ki, Vüqar Həşimov valideynlərinə və öz dövlətinə bağlı insan idi. Onun oyunları bu gün də müzakirə olunur. Hamınıza təşəkkür edirəm ki, bu ildə bizimlə birlikdəsiniz.

Həmin kateqoriyadan