- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 101
- Noyabr 19, 2024
- 0
Azərbaycan şahmat federasiyası ümumdünya şahmat olimpiadasında iştirak edəcək milli komandaların formalaşmasında əsas şərtləri açıqlayıb.
Allsport.az xəbər verir ki, sentyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək ümumdünya şahmat olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq.
Bildirilib ki, bu yarış şahmat dünyasının ən nüfuzlu yarışlarından sayılır və burada iştirak edəcək komandanın formalaşmasında bir sıra kriteriyalar nəzərdən keçirilir: “Azərbaycan Şahmat Federasiyası hər bir şahmatçının yarışlarda iştirakını diqqətdə saxlayır, lazım olan köməkliyi əsirgəmir. İlbəil Azərbaycan çempionatının mükafat fondunu artırmaqla milliyə namizədlərin hamısının yarışda iştirakını təmin etməyə çalışır. Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır. Millinin formalaşmasında şahmatçının FİDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır”.
Qeyd olunub ki, milli komandaya namizədlər Azərbaycan şahmat federasiyasının icraiyyə komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur: “Cari il kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq, Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Yığmanın əsas üzvləriylə yanaşı, adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib”.