Millimizin sabiq futbolçusu acınacaqlı durumdadır

Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. Allsport.az xəbər verir ki, “Turan” klubunun sabiq futbolçusu və baş məşqçisi artıq üç ildir ki, səhhətində olan problemdən əziyyət çəkir. Son vaxtlar isə veteran futbolçunun durumu bir qədər də pisləşib.

Bu haqda qol.az saytına onun dostu Fikrət Məmmədov məlumat verib. O bildirib ki, vaxtilə Azərbaycan millisinin də şərəfini qoruyan Alıyevin səhhəti getdikcə pisləşir:

“Sakitin müalicəsi əvvəlcə Bakıda oldu. Sonra onu bir neçə dəfə İrana apardıq. Ordakı müalicənin bir faydası olmadı. Artıq bir neçə dəfə də Tiflisə getmişik. İki həftədən bir Sakiti Tiflisə aparırıq ki, orda iynə vursunlar. Sabah (bu gün) yenə Gürcüstana gedəcəyik. Həmin iynələri vururlar ki, yaddaşı bərpa olsun. Əvvəllər 2-3 gündən bir Sakit özündən gedirdi. Son müalicələrdən sonra bir qədər yaxşılaşıb. Həkim bildirdi ki, Sakitin xəstəliyi futbol zamanı başından aldığı zərbədən yaranıb. Yaddaşı çox zəifləyib. Normal danışa bilmir. Həkimlər də bir söz deməyə çətinlik çəkir. Bildirirlər ki, beyin xəstəliyinə güclü müalicə lazımdır”.

Alıyevin maddi vəziyətinin də çox acınacaqlı olduğunu deyən Məmmədov karyerasının çox hissəsini keçirdiyi “Turan” klubundan heç bir köməklik olunmadığını bildirib:

“Qohumları köməklik göstərməsə, Sakitin vəziyyəti daha pis olardı. Keçmiş futbolçularından Elvin Məmmədov və Vurğun Hüseynov Tovuza gələndə maddi köməklik göstərirlər. Ancaq “Turan” klubunun rəhbərliyi heç bilmir ki, Sakit ölüb, yoxsa sağdır. Bizə ən pis təsir edən də budur. AFFA tərəfindən də hələ ki, köməklik göstərən olmayıb. Ancaq inanırıq ki, futbolda sağlamlığını itirən bir insana AFFA tərəfindən də yardım göstəriləcək. Sakit Alıyev futbola canını qoyub. O, Azərbaycan çempioatlarında 259 oyun keçirib. Müdafiəçi olmasına baxmayaraq, 38 qol vurub. Bir neçə dəfə Sakitin durumu mətbuatın gündəmində olub. Çoxları bildirdi ki, ona kömək edəcəyik. Ancaq heç bir köməklik olunmadı. Ağlamaq fikrimiz də yoxdur. Sadəcə gözümüzün qarşısında Sakit kimi bir oğlan məhv olur. Niyə xarici ölkələrdən gələn futbolçulara külli miqdarda pul ödəyirlər. Axı Sakit futbola canını qoyub, uzun illər təmannasız futbol oynayıb. İki-üç nəfərdən başqa heç kim Sakitin durumu ilə maraqlanmır. Niyə yadlara kömək edirik, özümüzə yox”.

Xatıradaq ki, Alıyev 2011-ci ildə “Turan”ın məşqi zamanı insult keçirib.

Həmin kateqoriyadan