Namiq Əliyev: Tokio olimpiadasına ən yüksək səviyyədə hazırlaşmalıyıq

Bu gün güləş federasiyasının inzibati binasında iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, AGF-nin prezidenti Namiq Əliyevin rəhbərliyi ilə baş tutan yığıncaqda mühüm qərarlar qəbul edilib. Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş yığmamıza baş məşqçi təyin olunub. Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcəklər. Məşqçilər heyəti komandanı dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatına, gələn il baş tutacaq Tokio olimpiadasına lisenziya turnirlərinə və başqa yarışlara hazırlaşdıracaq. 

AGF-nin prezidenti toplantıda bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib: “Pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya güləş birliyi bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakıyla bir yarış keçiriləcək.

Bildiyiniz kimi, olimpiadaya təxminən 11 ay vaxt qalıb. Bu o qədər də çox vaxt deyil. Olimpiya oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması xoşumuza gəlir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin, çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Bildiyiniz kimi, güləşin bu növü yeniyetmələrin olimpiadasının proqramına salınıb.

Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram”.

Həmin kateqoriyadan