“Naxçıvan Open” festivalının “A” turnirində 61 şahmatçı iştirak edəcək

Mayın 1-dən 11–dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcək. Allsport.az xəbər verir ki, “Naxçıvan Open 2015” festivalının “A” turnirində iştirak etmək üçün 61şahmatçı, o cümlədən 32 qrossmeyster sifariş verib.

Mükafat fondu 40 min dollar olan turnir (birinci mükafat 10 min dollardır) İsveçrə sistemi ilə 9 turda keçiriləcək. Hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq.

Bu günə qeydə alınmış oyunçuların reytinq siyahısına Etyen Bakro (2712) başçılıq edir, onun ardınca Xou İfan ( 2686) gəlir. İştirakçılar arasında Sergey Jiqalko (Belarus), Yuri Kuzubov, Vladimir Baklan (Ukrayna), Pavel Smirnov, Yevgeni Romanov (Rusiya), Azərbaycan nümayəndələri Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov var.

Xatırladaq ki, ötən il “A” turnirin qalibi Rusiya qrossmeysteri Boris Savçenko olub. O, 9 mümkün xaldan 6,5 xal toplayıb.

Həmin kateqoriyadan