Növbəti şikayət: Güləş federasiyasına əmək müfəttişliyindən yoxlama gəlib

Güləş federasiyasında rüsvayçı vəziyyət hökm sürməkdədir. AGF yaxın keçmişdə qazandığı nüfuzu itirməkdə davam edir. İllərdir yığılıb qalan maaş borclarını ödəmək istəməyən rəhbərliyə hər tərəfdən şikayət yağır. Allsport.az saytına daxil olan bilgiyə görə, dünən bazaya əmək müfəttişliyindən gəliblər. Bu dəfə də şikayət edən tərəf xanımdır. Amma məşqçi yox, qadın millidə çalışan həkim. O da uzun aylar verilməyən məvacibindən narahatdır.

Borclar başacan yığılıb, ümid yeri görünmür. Federasiyada isə, insaf deyilən şey yoxdur. Anlamır ki, sıravi məşqçilər, inzibatçılar, sürücülər, həkimlər, hakimlər, masajçılar iş yolunda nə gündüz biliblər, nə gecə; nə soyuq qışdan giləyləniblər, nə qızmar yaydan – ailələrini tərk edərək bir məqsəd – zəfər üçün çalışıblar. İndi bunları çətin durumda qoymaq ədalətlidirmi? Axı onların başqa gəlir yerləri yoxdur, illərdir ümidlərini AGF-ə bağlayıblar. İşdən çıxmaq istəyənə isə, federasiya son haqq-hesabı vermək istəmir.

Başqa bir məlumata görə, rəhbərlik bu durumdan ucuz qurtulmaq üçün hər vasitəyə əl atır. Artıq əməkdaşlar rəsmiyyətdən çıxarılır. Gəzən söz-söhbətə görə, onların qalıq maaşlarının karta köçürülməsinə bir şərtlə razılıq verilir ki, sonradan pulu mühasibatlığa qaytarsınlar və borclar bərabər şəkildə paylaşdırılsın, hissə-hissə qaytarılsın.

Xatırladaq ki, 10 il qızlarla çalışan Mətanə Süleymanova (bu illər ərzində sıfırdan yetişdirdiyi tələbələri tək yeniyetmə-gənclərin Avropa və dünya birinciliklərində 14 medal qazanıb) mart ayında ərizəsini yazaraq çıxdı. O, öz halal son haqq-hesabını (4000 manat) federasiyanı əmək müfəttişliyinə şikayət etməsindən sonra ala bildi.
Bir daha qeyd edək ki, maliyyə sıxıntısı 2015-ci ilin 2-ci rübündən sonra, işə məsul şəxslər 1-ci vitse-prezident Namiq Əliyevlə keçmiş baş katib Əjdər Cəfərovun dönəmindən başladı.

K.HACI

Həmin kateqoriyadan