Ötən il mənzil aldı, bu il idman nazirliyindən gileyləndi

Azərbaycan idmanı böhrandan çıxa bilmir. Burulğan qarabaqara təqib edir. Demək olar, hər gün kimsə nədənsə şikayətlənir. Artıq adi hal alıb. Hansı tərəfin haqlı, hansının haqsız, kimin doğru, kimin yalan olduğu, bəzi qurumun qismən çalışdığı, o birilərinin ancaq görüntü yaratdığı açıq-aydın sezilir. Bu mərəz məngənəyə düşüb, sanki qurtuluşa çarə yoxdur. Bəlkə də ilin sonudur deyə, hər kəs sözünü, dərd-sərini indiyə saxlayıb. Kəsəsi, vəziyyət ürəkaçan deyil.

Bu günlərdə Perunun paytaxtı Limada kapoeyra üzrə Cənubi Amerika çempionatı keçirilib. Həmin yarışa Ümumdünya kapoeyra federasiyasının idarə heyətinin üzvü kimi Elgiz Əlizadə də dəvət alıb. Gəlmə dəstəyini Perunun idman və xarici işlər nazirlikləri göstəriblər. Amma maliyyə ayrılmadığından həmyerlimizin arzusu puç olub. Belədə o, öz Vatsap hesabında bir neçə paylaşım edərək, ögey münasibətə və okeanın o tayında ölkəsinin təbliğində yaradılan maneəyə görə aidiyyatı qurumlardan gileylənib.

Hadisədən agah olan Allsport.az saytı mütəxəssislə əlaqə saxlayıb. Azərbaycan kapoeyra federasiyasının vitse-prezidenti bildirib ki, məsələ həllini tapıb, hər hansı işıqlandırmaya ehtiyac yoxdur və belə müraciət də olmayıb. Görünür, Elgiz Əlizadəyə təzyiq edilib. Yoxsa, sosial platformasında tədbirdən şəkillər paylaşaraq idarə heyətində solda əyləşən həmkarının yerində məhz onun oturmalı olduğunu niyə yazsın ki? Bu idman növü barədə mys.gov.az-da ayrıca bölmə var. Kapoeyra federasiyasının gənclər və idman nazirliyi tərəfindən lisenziyası təsdiqlənib. AKF-in son tədbiri 29-30 noyabrda Balaxanı idman mərkəzində Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə paytaxt birinciliyi və çempionatı olub. Ötən ilin 2 iyulunda nazir Fərid Qayıbovun Milli gimnastika arenasında iyun ayı ərzində qitə və dünya çempionatları, eləcə də nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançıları və onların məşqçilərini ilə görüşündə kapoeyra da yer alıb.

Nəzərinizə çatdıraq ki, sözü gedən şəxs həm də baş məşqçi və məşqçilər kollegiyasının sədridir. Ötən ilin sonunda kapoeyra idman növünün Azərbaycanda inkişafı, geniş yayılması və gənclərin bu idman növünə cəlb edilməsi sahəsindəki əvəzsiz xidmətlərinə görə yüksək mükafata layiq görülüb (capoeira.az). İlin idman yekunları ilə bağlı keçirilən rəsmi tədbirdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Elgiz Əlizadəyə mənzilin orderi təqdim edilib.

Ümumdünya kapoeyra federasiyasının yaradılması fikri 18 iyun 2011-ci ildə Bakıda keçirilən 3-cü Dünya kapoeyra forumu zamanı irəli sürülüb. İdeyanın müəllifi Cəmil Hüseyn idi. Toplantıda, əsasən beynəlxalq kapoeyra qruplarının hazırkı vəziyyəti və onların parçalanmış mövcudluğu ilə bağlı məsələlər müzakirə edilib ki, bu da kapoeyranın inkişafının ləngiməsinə səbəb olurdu. Geniş fikir mübadiləsindən sonra, forum iştirakçıları mövcud vəziyyətdən yeganə çıxış yolunun bütün qrupları birləşdirən yeni bir dünya kapoeyra təşkilatının yaradılması olduğu qənaətinə gəliblər. Beləliklə, forum iştirakçıları yeni bir dünya kapoeyra təşkilatı yaratmaq qərarına gəldilər.

Amma təşkilat 4 noyabr 2011-ci ildə Estoniyada dövlət qeydiyyatından keçib. Dünya kapoeyra federasiyasının üzvləri əsasən “Kapoeyra Braziliya”, MUZENZA, “AXE Kapoeyra”, “Kapoeyra Berimba” və digər əsas beynəlxalq qruplara mənsub milli federasiyalar və assosiasiyalardır.

Həmin kateqoriyadan