Qadın voleybolçuların ölkə birinciliyində 2-ci finalçı bəlli olub

Bu gün yüksək liqada yarımfinalın son matçı keçirilib.

Allsport.az xəbər verir ki, voleybol mərkəzində təşkil olunan bu görüşdə “Abşeron” və “Murov” klubları üz-üzə gəliblər.

Bu komandaların ilk 2 oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya “Abşeron” daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib(25:16).

Bu üstünlüyünü sonadək qoruyan “Abşeron” klubu “Murov”un ciddi müqavimətinə baxmayaraq, növbəti 2 seti də 25:21 hesabı ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, rəqibi üzərində 2 qələbə qazanan “Abşeron” finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda “Azərreyl”ə rəqib olub. “Murov” isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.

Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Yüksək Liqa
Yarımfinal (üçüncü oyun)
“Abşeron” – “Murov” 3:0 (25:16, 25:21, 25:21)

İlk iki oyunun nəticələri
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Murov” – “Abşeron” 1:3 (19:25, 25:22, 27:29, 25:27)

Həmin kateqoriyadan