- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Milli komandamızın üzvü Rauf Məmmədov “ShamkirChess-2017″nin rəsmi sayta müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o bu superturnirinin qalibi olan Şəhriyar Məmmədovun şəninə tərif deyib: “Uzun illər dostluq münasibətimiz var. Şəmkirə dəvət edəndə, söylədi ki, istəyirəm birgə yollanaq. Həm məşq baxımından, həm də dost kimi yanımda olasan. Bizim üçün əsas əhvalımız yaxşı olsun. Şahmatda bu vacib amildir. Əgər partiyadan əvvəl əhval yüksək olursa bu oyuna da təsir edir. Bütün partiyala birlikdə hazırlaşırdıq.Onunla çalışmaq həm məsuliyyətlidir, həm çətin. Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Onunla işləmək asan olmur.
Şəmkirdə çox möhtəşəm perfomans göstərdi. Ağ fiqurlarla qalib gəlmədi. Amma qara fiqurlarla partiyada üç güclü şahmatçını məğlub etdi. Onlardan ikisinin reytinqi 2800-dən yüksək idi. Üçüncü turda Pavel Elyanova qarşı oyunda etdiyi açılışı bir daha oynamamağı söyləmişdim. Məmmədyarov 5-ci turda məsləhətimə qulaq asdı. Harikrişnayla görüşdə fərqli gedişlər etdi. Elyanovla oyunda açılışdan sonra onun vəziyyəti yaxşı deyildi. Ona görə dəyişikliyə ehtiyac var idi.
Onun özünəməxsus cəhətləri var. Şəhriyar ancaq hücum haqqında düşünür. Bu qədər risk etmək düzgün deyil. Hətta yarışın lideri olduğu zaman növbəti partiyada qələbə qazanmaq istəyir. Bütün görüşlərdə qələbə uğrunda yarışır. Lakin bu mümkün deyil. Şahmatçının bütün turlarda qələbə qazanması çətindir. Tez-tez təkrarlayırdım. Sakit oyna, tələsmə. 8-ci turda Voytaşekə məğlubiyyət acınacaqlı oldu. Şəhriyar bir qədər yaxşı hazırlaşmadı. Bəlkə də yorğunluq idi. Bütün variantları axıra qədər yoxlamadı. Baxdığımız variantlarda oyun fərqli görsənirdi. Bununla belə əsas yekun nəticədir. Çox sevinirəm ki, dostum “ShamkirChess-2017″ turnirinin qalibi oldu. Layiqli qələbəsi oldu. Şəhriyar növbəti dəfə güclü olduğunu sübut etdi.
Onunla iş prosesində çox təcrübə qazandım. Şəhriyarla eyni üslubda oynayırıq. Kompüterə baxanda, gedişlərə nəzər salırdıq. Sonra müzakirə edəndə çox vaxt eyni variant üzərində dayanırdıq. Şəhriyarla işləmək mənim üçün böyük təcrübə oldu. Həm maraqlı idi, həm də öyrənirdim. Güclü şahmatçı olmaqla yanaşı həm də gözəl insandır.
Mayın 29-da şəxsi Avropa çempionatı var. Yaxın günlərdə təlim-məşqdə iştirak etmək üçün 2 günlük Ukraynaya yollanıram. Fikrimcə, Şəmkir turnirindəki təcrübə Avropa çempionatında mənə kömək olacaq. Bəlkə inanmayacaqsınız. Amma onun möhtəşəm çıxışı mənə də təsir etdi. İndi qitə birinciliyində mümkün qədər yaxşı oynamaq istəyirəm”.