Reynaldodan unikal göstərici

“Qarabağ” Premyer Liqanın 22-ci turunda “Simurq”u qəbul etdi. Allsport.az xəbər verir ki, qış fasiləsindən sonra uğurlu qrafik cızan Zaqatala təmsilçisi Ağdam klubuna cari ildə ilk xal itkisini yaşatmaq niyyətində idi.

Maraq üçün xatırladaq ki, ilk dövrədə mərkəzi arenada baş tutan qarşılaşmada Vüqar Nadirovun qolu yeganə olmuş, Zaqataladakı qarşılaşmada isə “Qarabağ” meydandan 3:2-lik qələbə ilə ayrılmışdı. Son oyunda da ağdamlılar meydandan 1:0-lıq qələbə ilə ayrıldı. Reynaldonun qolu yeganə oldu. Bu oyun və qələbə ilə bağlı bir sıra maraqlı məqamlar oldu ki, onları diqqətinizə çatdırmaq istərdik.

* “Qarabağ” “Simurq” üzərində cari birinclikdə keçirilmiş 3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qurdu. Komanda eyni uğura AZAL-a qarşı keçirdiyi 3 oyunda da imza atıb.

* “Qarabağ” bu qələbə ilə çempionatda 13-cü qələbəsini qazandı, ardıcıl 5-ci oyunda xal itirmədi. Başqa sözlə, ağdamlılar 5 oyunluq qələbə seriyasına malikdir.

* “Qarabağ” sonuncu dəfə dekabrın 14-də, 16-cı turda “Qəbələ”ylə oyunda xal itirib. Belədə komanda 66 gündür məğlubiyyətin nə olduğunu bilmir. Ağdam klubu bu dönəmdə “Xəzər Lənkəran” (3:2), “Sumqayıt” (2:0), “Bakı” (4:1), AZAL (1:0) və “Simurq”u (1:0) məğlub edib.

* “Qarabağ” cari birincilikdə 2-ci dəfə 5 qələbəlik seriyaya imza atdı. Daha öncə 5-9-cu turlar arasında AZAL (3:0), “Simurq” (1:0), “Neftçi” (3:1), “Qəbələ” (2:0) və “Xəzər Lənkəran” (3:2) üzərində ardıcıl qələbələr qeydə alınmışdı.

* “Simurq”la oyunda yeganə qola imza atan Reynaldo unikal göstəriciyə imza atıb. Belə ki, ötən mövsümün bombardiri Premyer Liqadakı bütün klublara qol vursa da (ötən mövsüm Premyer Liqada olan “Rəvan”da da daxil olmaqla) sadəcə, “Simurq”u məyus edə bilməmişdi. Braziliyalı forvard sonuncu qarşılaşmada fərqlənməklə “Simurq” sindromuna son qoydu.

Araşdırma “Qarabağ”ın mətbuat xidmətinə məxsusdur

Həmin kateqoriyadan