Prosineçki: “Bu, Azərbaycan futbolu üçün çox ciddi uğurdur”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın PAOK klubunun rəsmi saytına müsahibə verib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları dilə gətirib:

“Düzdür, Azərbaycan futbolunun böyük uğurları yoxdur. Amma tədricən hər şey yaxşılığa doğru dəyişir. Məsələn, indi birdən-birə iki Azərbaycan klubu – “Qarabağ”la “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu, Azərbaycan futbolu üçün çox ciddi naliyyətdir”.

Prosineçki rəhbərlik etdiyi komandadan da söz açıb: “Yığma komanda da oyundan-oyuna artırır. Məndən öncə bu komanda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirdiyi dörd oyunun hamısında məğlub olmuşdu”.

Xorvat mütəxəssis ölkəmizdə perspektivli uşaqların olduğunu söyləyib: “Azərbaycanda istedadlı uşaqlar var. Amma onların daha çox çalışmasına ehtiyac var. Burada yaxşı meydançalar, stadionlar var. Futbola çox böyük diqqət və qayğı var”.

Millimizin çalışdırıcısı PAOK-u çalışdıran həmyerlisi və dostu İqor Tudordan da danışıb: “O, mənim ən yaxşı dostlarımdan biridir. Biz birgə Xorvatiya yığmasında çıxış etmişik. İqor indi PAOK-u çalışdırır. Ona bu postda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan