- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev Tokio-2020 yay olimpiya oyunlarında iştirak edəcək milli üzvləri və məşqçi heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, ölkə başçısı İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə BOK, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Tokio olimpiadasında ölkəmizi təmsil edəcək 9 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.
Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçularımızın ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempioanatı, “Böyük dəbilqə”, qran-pri turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıb. Məşqçilər ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib. Mütəxəssis cüdoçularımızın olimpiada da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb.
Millinin kapitanı Nicat Şıxəlizadə, Rio olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçumuz Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə ACF-in vitse-prezidentləri Mikayıl İsmayılov və Sadıq Sadıqov baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, ölkəmizi Tokio-2020-də 9 cüdoçu – Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kokauri Uşangi (+100 kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər. Cüdoçularımız Tokioya iyulun 14-ü və 18-də yollanacaqlar. Olimpiya oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.