- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi, Quba gənclər və idman idarəsi, Azərbaycan idman jurnalistləri federasiyasının təşkilatçılığı, şahmat federasiyasının dəstəyi ilə şəhid Ülvü Məmmədovun xatirəsinə beynəlxalq “Zəfər” kubokunun “Zoom” proqramı vasitəsilə açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti Qabil Mehdiyev 2-ci Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbədən danışıb, döyüşlərdə böyük şücaət göstərmiş idmançı şəhidlər haqqında məlumat verib. O, həmçinin idmançı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı idman ictimaiyyətinin görəcəyi işlər barədə danışıb.
Sonra çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov xalqımızın tarixinə şəhidlərin qanı ilə yazılan 44-günlük 2-ci Vətən müharibəsinin gələcək nəsillərin fəxr edib, qürur duyacağı şanlı tarix olduğunu bildirib. Qeyd edib ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir. O, yarış iştirakçılarına uğurlar arzulayıb və bildirib ki, yüksək nəticə göstərən şahmatçı mükafatlandırmadan əlavə, pandemiya bitdikdən sonra baş idarə tərəfindən xaricdə turnirlərin birinə ezam olunacaq.
Daha sonra çıxış edən QGİİ-nin rəisi Mustafa Nöhbalayev Quba rayonunun şəhidləri ilə bağlı məlumat verib. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ülvü Məmmədovun şərəfli döyüş yolundan danışan M.Nöhbalayev gələcəkdə də şəhidlərin xatirə turnirlərinin təşkili ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.
Şəhidin əmisi, AİJF-nin idarə heyətinin üzvü Elşən Məmmədov və beynəlxalq qrossmeyster Vasif Durarbəyli öz qəhrəmanlığı, Vətəninə və xalqına sədaqətini sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağını bildiriblər.
Sonda turnirə start verilib. Blits üzrə onlayn keçirilən yarışda Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 100-ə yaxın şahmatçı iştirak edir. Turnir 9 turdan ibarətdir.
2-ci Qarabağ savaşında şəhid olan Ülvü Məmmədov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.