MÜSAHİBƏ
Sənan Süleymanov: “İlk görüşdə ermənini yendikdən sonra özünəinam yarandı”

Romada keçirilən Avropa çempionatında Sənan Süleymanov (77 kq) yarışı qalib başa vurdu. Mükafatlandırma mərasimindən sonra ilk dəfə qitə çempionu olan güləşçi fikirlərini allsport.az-a bölüşdü:

– Əslində, çətin oldu. Rəqiblərin hamısı güclü idi. Şükürlər olsun, qalib gəldim. Bunu isə heç kim gözləmirdi. Sözün düzü, heç özüm də gözləmirdim ki, qitə çempionu olum. Şükür Allaha, zəhmətim yerdə qalmadı. Qalib gəldim, bayrağımızı zirvələrə qaldırdım”.

– Qalib gəlməyin hazırlığından irəli gəlir, yoxsa yarışda debüt etdiyin üçün rəqiblərin səni tanımamağından?
– Əslində, hazırlığımız çox yaxşı səviyyədə keçirdi. İlk növbədə çempion olmağımda hazırlığın payı oldu. Məncə, hazırlaşmağım böyük rol oynadı.

– Debüt etdiyin üçün rəqiblər səni tanımırdı…
– Ola bilər, tanımırdılar. Mən sona qədər vuruşdum, qalib gəldim.

– Nə vaxt açılışdın və özünə inandın ki, finala qədər irəliləyəcəksən?
– İlk döyüşdə Bolqarıstanı təmsil edən erməni güləşçini məğlub etdim. Ondan sonra açılışdım. Bununla da özünəinam yarandı. Digər rəqiblər də çox güclü idi. Yarımfinalda da erməni güləşçi ilə üz-üzə gəldim və məğlub etdim. Finalda da qələbə qazandım.

– Bundan sonra əsas hədəflərin nədir?
– Yerimi qorumaq. 77 kq-da ilk dəfə çıxış etdim. Bundan sonra qismət olarsa, özümü lisenziya yarışında yoxlayaram. Əvvəl 72 kq-da yarışırdım. İlk dəfə bu çəkidə özümü sınadım. Bu da məndə alındı. İlk cəhddə çempionluq gözəl nəticədir. Fürsət versələr, inşallah, lisenziya yarışında da mübarizə apararam. Ölkəmi layiqincə təmsil edib, olimpiadaya vəsiqə qazanaram.

Kamran HACI, Roma

Həmin kateqoriyadan