Sabah Şəriəti güləş millimizin ilk medalını qazandı, Saman Təhmasibi 13-cü oldu

Rio-2016-da güləşçilərin yarışının 2-ci günündə daha 2 milli üzvü xalça üzərinə çıxıb. Allsport.az saytı xəbər verir ki, “klassisklər”in tutaşmasında Saman Təhmasibi (85 kq) 1/16 finalda Rusiyanı təmsil edən gürcü əsilli David Çakvetadze qarşılaşıb. Görüş rəqibin xeyrinə bitib – 3:0. O, finala yüksəldiyi üçün, təmsilçimiz 3-cü yer uğrunda təsəlliverici görüşə qatılıb. İlk ümid qarşılaşmasında iranlı həmkarı Comeh Həbibullah Əxlaqiyə yenilən idmançımız çıxışını başa vurub.

Sabah Şəriəti (130 kq) 1/8 finalda debüt edib. O, amerikalı David Smiti 8:2 məyus edib. Növbəti mübarizədə türkiyəli Rza Qayaalpa uduzub (0:5), təsəlliverici görüşdə iştirak hüququna yiyələnib. Bu mərhələnin ilk tutaşmasında güləşçimiz venesuellalı Ervin Xose Kabreraya vaxtından əvvəl qalib gəlib – 8:0. Onun bürünc mükafat üçün görüşdə rəqibi almaniyalı Eduard Popp olub. Gərgin tutaşmada önsə 2 xal qazanan, sonra opponentinin kürəyini yerə vuraraq, qarşılaşmanı 1.47 dəqiqəyə bitirib.

Qeyd edək ki, ilk gündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. Sabah Rəsul Çunayev (66 kq) mücadiləyə qoşulacaq.

Həmin kateqoriyadan