- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyasında məşqçi-müəllimlərlə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ACF-nin vitse-prezidenti Sadıq Sadıqov bu qurum tərəfindən lisenziya verilmiş 62 klubun nümayəndələrini qəbul edib. Tədbir zamanı bölgələrdə və Bakıda keçirilən yarışlarla bağlı klub nümayəndələrinin fikirləri dinlənilib, təklif və iradlar müzakirə edilib.
Məşqçi-müəllimlər federasiya tərəfindən keçirilən yarışların yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq standartlara cavab verdiyini bildiriblər. Onlar yarışların bu formatda keçirilməsinin cüdoçular üçün beynəlxalq yarışlarda daha da böyük uğur qazanması üçün zəmin yaratdığını vurğulayıblar.
Sonra federasiyanın vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək bildirib ki, yarışlar bundan sonra daha da yüksək səviyyədə təşkil ediləcək. Regionlarda cüdonun inkişafı üçün yeni məşq zalları istifadəyə veriləcək, bu zallar təmənnasız olaraq tatami və kimanolarla təmin ediləcək. Yüksək nailiyyətlər əldə etmiş məşqçi və cüdoçular federasiya tərəfindən mükafatlandırılacaqlar.
Çıxış üçün söz almış bir neçə bölgə və paytaxt məşqçiləri hakimliklə bağlı müəyyən iradlarını səsləndirdilər. Məsələyə həssaslıqla yanaşan Sadıq Sadıqov bu problemin aradan qaldırılması və təkrar olunmaması üçün lazımi göstəriş və tapşırıqlarını verdi, eləcə də bu məsələni daim öz nəzarətində saxlayacağını bildirdi.
Tədbirdə toxunulmuş vacib məsələlərdən biri də paytaxt klubları ilə müqayisədə regionlarda potensial imkanlı, perspektivli cüdoçuların məşq edib idman ustalığını artırması üçün kifayət qədər rəqib tərəf müqabilinin olmaması, bu cür istedadlı yeniyetmələrin Bakı şəhərində yığma komandanın məşqlərində iştirakına federasiya tərəfindən dəstək göstərilməsi olub.
Vitse-prezident bu məsələnin federasiyanın gündəmində olan ən aktual mövzulardan biri olduğunu diqqətə çatdırdı. O, tezliklə Bakı şəhərində ayrılacaq xüsusi mərkəzdə belə birgə təlim-məşq toplanışlarının təşkil olunacağını, eləcə də həmin istedadlı yeniyetmə idmançıların təhsillərini də Bakı şəhərində davam etdirilməsi üçün federasiya tərəfindən lazımi bütün tədbirlərin görüləcəyini bildirdi.