Sadıq Sadıqov: Ölkə çempionatında gözlənilməz nəticələr göstərdi ki, gərgin rəqabət var

Bakı idman sarayında cüdoçuların ölkə çempionatı sona yetdi. 2 gün davam edən yarışda Azərbaycan millisinin üzvləri və 56 klubdan 500-ə yaxın idmançı qüvvəsini sınadı. Gərgin mübarizədə ehtiyat qüvvə ciddi müqavimət göstərdi. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Elmar Qasımov (100 kq),Uşangi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Buyanxışıq Purevsuren (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) kimi 1-ci nömrələr qızıl medalsız qaldılar. Allsport.az saytına açıqlamasında, ölkə çempionatından çox razı qalan federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, mubarizədə perspektivli yeniyetmə və gənclərin gördüyünü dedi:

«Ölkə çempionatında gözlənilməz nəticələr oldu. Demək, rəqabət var.  Planlarımız heç vaxt tükənmir. Hər ay ən azı, bir yarışımız var. Sözsüz, əsas hədəf Tokio olimpiadasıdır. İstəyirik ki, çoxlu lisenziyalar qazanaq. İndiki reytinqə əsasən, artıq 3-4 idmançımız vəsiqəni özünə təmin edib. Məqsədimiz, ən azı, Rio olimpiadasında nəticəni təkrarlamaqdır. Düzdür, Yaponiyada bizə daha çətin olacaq, çünki bu ölkə cüdonun vətəni sayılır. Amma ümidimizi üzmürük, gərgin məşqlərimiz davam edir».

Sadıq Sadıqov sentyabrda paytaxtda təşkil olunmuş dünya çempionatından da danışdı. Bildirdi ki, yarış başqa ölkədə keçirilsəydi, nəticə daha yüksək olardı: «Evdə çıxış etməyin yükü və məsuliyyəti ağır olur. Baş məşqçi Ruslan Maşurenko ilə yolumuza davam edirik. Onun köməkçiləri yerlilərdir. Tokioda ilk çıxış edənlər sırasında cüdoçular da var. Bu üzdən, yüksək nəticə qazanaq istəyirik ki, digər olimpiyaçılarımız daha ruhlansın».

K.HACI

Həmin kateqoriyadan