- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Ötən ay dünya şahmat ictimaiyyətinin diqqəti Azərbaycana yönəldi. Tarixində ilk dəfə Bakı Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi. Sayca 42-ci dəfə keçirilən mötəbər yarışa iştirakçı baxımından rekord sayda – 181 kişi və 142 qadın komanda qatıldı. Təşkilatçılıq da indiyədək keçirilmiş tədbirlər içində ən yüksəyi hesab olundu. Bunu FİDE prezidenti Kirsan İlümjinov və digər ali qonaqlar açıqlamalarında etiraf etdilər. Azərbaycan tarixi mübarizəyə həm kişilərdə, həm də qadınlarda 3 komanda çıxarmışdı, qüvvələr bölünmüşdü. Əmsalda güclü cinsin nümayəndələri ümumilikdə, 2705 xalla 4-cü olduğundan, 1-ci millimizin mükafatçılar sırasına düşməsi gözlənilirdi.
Amma ehtimalın əksinə, qrossmeysterlərimiz imkanından aşağı çıxış etdilər. Halbuki yığmamız yarışa yaxşı başlamışdı, ard-arda qələbələri sıralayırdı. Ancaq 5-ci turda mənzərə onu göstərdi ki, istər fiziki durumda, istər hazırlıqda çatışmazlıq olub; reytinqdə özündə zəif olan Hindistan (2651) komandasına 1:3 uduzan bizimkilər, növbəti, 6-cı turda əmsalda daha geridə, 22-ci olan Yunanıstanla (2584) heç-heçə etdi. Bu, artıq həyacan təbili idi – lövhənin görünməyən tərəfinə işıq salırdı. Hər 2 oyunda yenilməyimizə əsas baiskar, 3-cü taxtada əyləşən və ardıcıl məğlub olan Arkadi Naydiç oldu. Komandanın kapitanı Aleksey Dreyev onu 7-ci turda Rauf Məmmədovla əvəzlədi. O, Xorvatiya yığması ilə matçda rəqibini təslim edərək, umumi qələbədə mühüm rol oynadı. 9-cu turda güclü Rusiya kollektivi ilə oyunda (1:3) yenə legionçu bizi məyus etdi. Hələ Teymur Rəcəbov da uduzdu. Artıq medallar əldən getmişdi. Millimiz İngiltərə ilə görüşdə vəziyyətlə barışmışdı. Məğlubiyyətə adət etmiş Arkadi Naydiç bu dəfə özünə xilaf çıxmadı. Yeri gəlmişkən, AŞF xeyli əvvəldən ənənədən kənara çıxaraq, ilk dəfə əcnəbi şahmatçını komandaya dəvət etmişdi.
Maraqlıdır, karyerasının yüksəliş dövrünü bitirmiş, belə faydasız şətrənc ustası kimə lazım idi? 30 yaşlı şahmatçı daha faydalı olsaydı, Almaniya Şahmat Federasiyası onu komandada saxlayardı.
Bu yarışda Teymur Rəcəbov da ümidləri doğrultmadı. 11 turda 9 dəfə oynamaq şansı qazandı, cəmi 5,5 xal yığdı. Əldə etdiyim bilgiyə görə, 29 yaşlı qrossmeyster kollektivlə bir neçə təlim-məşq toplanışında iştirak etməyib, fərdi hazırlığa üstünlük verib. Amma təcrübəli şahmatçı unudub ki, olimpiada komanda oyunudur. Burada hədəf, məqsəd və hazırlıq bir yerdə cəmlənməlidir. Komandanın kapitanı Aleksey Dreyev yarışın son turunda təşkil olunan mətbuat konfransında etiraf etdi ki, heyət üzvlərinin heç də hamısı optimal hazırlıq səviyyəsində deyildi, psixoloji çatızmazlıq vardı, hələ bir qism məsələlər də onun səlahiyyəti çərçivəsində olmayıb.
Mülahizəyə görə, AŞF-in vitse-prezidenti Faiq Həsənov da ondan narazıdır. İdman ictimaiyyətində belə söz-söhbət gəzir ki, Teymur Rəcəbov maddi imkanlarla tam təmin olunduğundan, artıq milliyə elə də can yandırmır.
Əsas komandamızda ən yaxşı göstərici Rauf Məmmədovda oldu: 8 oyuna 6 xal, üstəlik, 1 görüş belə uduzmadı. Çox qəribədir ki, daim mübarizliyi ilə seçilən bu qrossmeysterimizi yarış ərəfəsində təbliğat işinə cəlb etmədilər. Paytaxtda onun komanda yoldaşları arasında fotosuna rəst gəlinmədi. Raufun yığmadan kənar iştirak etdiyi beynəlxalq yarışlara öz hesabına yollandığı və hazırlaşdığı deyilir. Bu az imiş kimi, ötən ilin dekabrında Belarus paytaxtı Minskdə keçirilən blits üzrə Avropa çempionatında və bu ilin fevralında Çinin Huayan şəhərində təşkil olunan IMSA Elit İntellektual Oyunlarında sürətli şahmatda qalib olan Məmmədova nə təşəkkür edilib, nə də mükafat verilib.
Digər təmsilçilərimizin şəxsi nəticələrinə gəldikdə, Şəhriyar Məmmədyarov 10 partiyada 6,5 xal, Eltac Səfərli 7 matçda 5,5 xal topladı. Bunlar da normal sonluqdur. Amma bayaq qeyd etdiyim kimi, olimpiada komanda yarışı olduğundan, hətta bir heyət üzvünün ovqatsızlığı da ümumi hazırlığa mənfi təsir göstərməyə yetərlidir.
«Şah»dan söz düşmüşkən, yaxşı xatırlayıram, vaxtı ikən milyonçu şair Gülağa Qəmbərov, yaxın qohumluğu olduğuna görə, Məmmədyarova güclü maliyyə dəstəyi göstərdi. İstedadlı şahmatçı etimadı yetərincə doğrultdu. Bir neçə nüfuzlu mükafat yarışında fərqlənən Şəhriyar, ilk dəfə FİDE reytinqində 4-cü yerə yüksəldi. Bu, indiyədək ən böyük və hələ də təkrar olunmayan uğurumuzdur. Azərbaycanın istedadlı şahmatçıları həmişə olub. Sadəcə, bir balaca, azacıq, cüzi təkan olan kimi önə çıxırlar, əks halda, sonsuz ümmanda batıb yoxa çıxırlar.
1998-ci ildə beynəlxalq arenada ilk böyük uğurlarını qazanan Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynovu prezident Heydər Əliyev qəbul etdi. Onların çıxışını yüksək qiymətləndirən dövlət başçısı dedi ki, bu istedadlı şahmatçılara daim dövlət qayğıcı göstərilməlidir. Ümummilli liderin tapşırığına indiyədək əməl olunurmu? Ciddi xəstəliyi aşkarlanan Vüqar Həşimova zamanında yardım edildimi? Bunu «Xaqani» Ticarət Mərkəzində bir neçə otaqdan ibarət AŞF-nin soyuq divarları dəqiq bilir. Bir ara eşitmişdim ki, Rauf Məmmədovla Vüqar Həşimovu hətta millidən kənarlaşdırıblar. Bu yaxınlarda belə söz-söhbət gəzdi ki, yığma üzvləri avqustdan bəri maaşlarını almayıblar. Mövzüdan yayınmayım. Qayıdım, yenə Bakı olimpiadasına.
Bu şahmat oyunlarında əsas millimiz 12-ci pilləni tutdu. Kişi şətrənc ustalarımızın indiyədək ən yaxşı nəticəsi 2008-ci ildə olub: 6-cı yer. O zaman da komanda daxilində intriqa sonda bizi medaldan etmişdi, yığmamız tarixi fürsəti fövtə vermişdi.
AŞF-in vitse-prezidenti Mahir Məmmədov yüksək təşkilatçılığı hər dəfə gözümüzə soxdu. Amma, yaxşı olardı ki, qonaqpərvərliyimiz qədərində, nəticəmiz fəxri kürsü ilə tamamlanardı.
Norveç, Türkiyə, Polşa, Peru və Kanada kimi şahmatı bizdən geridə olan ölkələr, olimpiadada əsas millimizdən öndə dayandılar. Razıyam, Maqnus Karlsen dunya çempionudur. Amma bir istedadla ümumi işə qiymət vermək düzgün deyil. Azərbaycan şahmat ənənəsi olan ölkədir. Yaxın keçmişdə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov, uzaq keçmişdə Tatyana Zatulovskya dünya çempionluğuna iddiaçıların yarışında çıxış ediblər. Bu zirvə mübarizədən yalnız Harri Kasparov qalib ayrılıb. Bakılı şahmatçının «tac»ı qazanmasında əsas rolu Heydər Əliyev oynayıb. O zaman Bakı Şahmat Məktəbinin istedadlı yetirməsinin dünya çempionu olması üçün bütün şərait yaradılmışdı. Təəssüf ki, ümummilli liderdə olan ağıl və bacarığı, idmanda uzaqgörənliyi lazımınca təşviq, təlqin edilmir, dəstəklənmir. Halbuki, Azərbaycanın 3-cü prezidentindən öyrəniləsi çox şeyimiz var.
Yenə qayıdaq nəticələrə: 2-ci komandamız (2576) 26-cı, 3-cü yığmamız (2350) 49-cu oldu. Qənaətbəxş çıxış edən bu 2 kollektivi yalnız alqışlamaq olar.
Əsas kişi komandamızla müqayisədə, 1-ci qadın millimiz əzmkarlıq nümayiş etdirdi. Reytinqdə onlar 2320 xalla 13-cü idilər. Amma yekun nəticəyə baxın: 8-ci yer. Xanımlarla kişilər arasında diqqət və qayğıda, yerlə göy arasında fərq var. Azərbaycanda qadın şahmatının da özünə məxsus yeri var. SSRİ dönəmində bakılı Tatyana Zatulovskaya «şahmat tacı»na iddiaçıların yarışında iştirak edib. 80-ci illərin sonunda respublikamızda güclü qadın şahmatçılar vardı, Sovetlər birliyi dağılandan sonra, 1992-ci ildə müstəqil şəkildə ilk qatıldığımız olimpiadada Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova və Fənarə Babayevadan ibarət komandamız 7-ci yeri tutmuşdu. Bu, həmin dövrdə yüksək göstərici sayılırdı. Həmin uğuru gənc qızlarımız 2010-cu ildə də təkrarladılar.
2-ci (2248) və 3-cü (2016) heyətlərimiz də imkanıdan yuxarı çıxış etdilər. 3-cü millimiz 30-cu, 2-cilər 32-ci oldular. Bakı Şahmat Olimpiadası onu göstərdi ki, artıq əsas diqqəti kişilərdən qadınlara yönəltməyin zamanı yetişib.
AŞF-nin rəhbərliyində əyləşənlərin bu idman növünə sevgisi varsa, vaxt itirmədən məqsədyönlü addımlar atmalıdır. Hər sınaq düşünməyə əsas verir. Yəqin şahmat federasiyası sözü gedən olimpiadadan nəticə çıxaracaq, FİDE reytinqdə itirilmiş şəxsi mövqeyimizin bərpa olunmasında milli üzvlərinə fərq qoymadan dəstək verəcək, ölkədə klub çempionatının yaranmasını təmin edəcək, yığma komandalarımızın bərabər şəkildə güclənməsinə çalışacaq, lazımsız-lüzumsuz yarışlar keçirməkdənsə AŞF-in inzibati binasının tikilməsinə səy göstərəcək, reginlarda tikilən şahmat məktəblərinə lazımi kadr və ən əsası, proqram dəstəyi verəcək, həm də bu xüsusda məhz adının gücünə görə böyük rol oynaya biləcək Vüqar Həşimov Akademiyasının maliyyəsini, sadəcə, onun ailəsinin ixtiyarına buraxmayıb, öz hesabına edəcək, mərhum qrossmeysterin xatirəsinə Şəmkirdə keçirilən ənənəvi beynəlxalq turnirin daxili çempionata çevrilməsinin qarşısını alaraq, bu yarışın daim yaşaması üçün yeni maddi vəsait cəlb edəcək.
Hələ çox sadalamaq olar və sadalamaqla da bitməz. Ən əsaı, bütün işlərdə canıyananlıq, ardıcıllıq, davamlılıq və uzaq məqsədləri hədəf alan bir şahmat rəhbərliyi görməliyik. Yolaverdi kampaniyasına isə son vermək lazımdır. Yəni bir şahmat olimpiadası keçirib, bununla yaxın-uzaq gələcək üçün işi bitmiş hesab etmək olmaz.
Kamran HACI