Şahmat federasiyasına yeni prezident seçilib

Bu gün Azərbaycan şahmat federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında Azərbaycan şahmat federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan şahmat federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan həm də beynəlxalq şahmat federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də icraiyyə komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov icraiyyə komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abbasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Həmin kateqoriyadan