- Baxış sayı: 34
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında dünya kubokunun açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə dövlət və hökümət rəsmiləri, Gürcüstan şahmat federasiyasının rəhbəri Akaki İaşvili, beynəlxalq şahmat federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti və Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov eləcə də digər qonaqlar iştirak edib.
Açılış mərasimində nitq söyləyən Arkadi Dvorkoviç dünya kubokunda ən güclü qadın şahmatçıların iştirak etdiyini söyləyib.
Mərasimdə çıxış edən Mahir Məmmədov Gürcüstanın mötəbər şahmat yarışına ev sahibliyi etməsini önəmli hadisə adlandırıb və yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.
Ardınca püşklə ilk turda şahmatçıların hansı fiqurlarla mübarizə aparacağı müəyyənləşib. Tək rəqəmi seçən şahmatçıların qara fiqurlarla yarışacağı məlum olub.
Dünya kubokunda Azərbaycan 4 şahmatçıyla təmsil olunacaq. Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliəhmədlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.
Turnirin ümumi mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.
Yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı çıxış edir.