- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Vüqar Həşimovun xatirəsinə keçirilən”ShamkirChess-2017″ superturnirinin Rusiyadan olan iştirakçısı Sergey Karyakin yarışın rəsmi saytına danışıb. Allsport.az saytı sizə həmin müsahibəni təqdim edir:
– Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar arasında sizin üçün uğursuz rəqib kimdi?
– Dostum Vüqarın xatirə turnirində böyük həvəslə mübarizə aparacam. İndiyə qədər Şəmkir turnirinin qalibi olmaq mənə nəsib olmayıb. Həmişə hədəfim ilk pillədə qərarlaşmaqdır. Heyətə gəldikdə Şəmkirə ən güclülərin dəvət olunduğunu söyləmək olar. Ona görə aşkar favoritim yoxdur. Uğursuz rəqib deməzdim, amma hər biriylə oyun asan olmayacaq.
– Dünya çempionu Maqnus Karlsenin Şəmkirdə olmaması mübarizəni asanlaşdırır?
– Maqnus Karlsen dünya çempionudur. FİDE reytinqinə başçılıq edir. Sözsüz onun hər yarışda iştirakı rəqabəti artırır. Bununla belə Şəmkir turnirində Maqnus olmadan belə güzəştsiz mübarizənin olacağına əminəm. Karlsen iştirak etdiyi yarışlarda favoritdir. Amma heç kim Maqnusun bu il Şəmkirə gələcəyi halda çempion olacağını söyləyə bilməz. Karlsen iştirak etsəydi belə bəlkə də birinci olmayacaqdı. İştirak etmək hələ qalib gəlmək demək deyil.
– Turnirdə sabiq dünya çempionları Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) iştirak edəcək. Onların görüşünü prinsipial qarşılaşma adlandırmaq olar?
– Fikrimcə, hər bir turdan sürpriz nəticələr gözləmək olar. Amma Kramniklə Topalov arasında görüşü həm də prinsipial adlandırmaq olar. Şahmat dünyasının iki güclü nümayəndəsinin maraqlı oyun nümayiş etdirəcəyinə inanıram. Biz ilk növbədə peşəkar şahmatçılarıq. Mübarizəmizi şahmat taxtası arxasında aparmalıyıq. Hisslərə sahib çıxmaq lazımdır. Kramniklə Topalov arasında münasibətlərin o qədər yaxşı olmaması hamıya məlumdur. Bununla belə hər iki insan şahmat dünyası üçün dəyərlidir.
– Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu il də Şəmkirdə qalib gəlmək istəyir. Məmmədyarovun şanslarını necə qiymətləndirirsiniz…
– Şəhriyar güclü şahmatçı olmaqla yanaşı həm də dostumdur. Həm iddiaçılar turnirində, həm də dünya çempionu Maqnus Karlsenlə çempionluq matçında mənə kömək edən şahmatçılardan olub. Məmmədyarov məşqçi komandamın tərkibində çalışıb. Yüksək oyun keyfiyyətlərinə malikdir. Bəzən debüt seçimini müəyyən etmək çətin olur. Məmmədyarovun əhvalından çox məqam asılıdır. Əgər Şəhriyar özünü yaxşı hiss edirsə ona rəqib olmaq çətindir. Turdan əvvəl gülür və görürsən 10 dəqiqəyə partiyada böyük üstünlük qazanır. İstənilən şahmatçıya problem yaratmağı bacaran həmkarımdır. İnanıram ki, Şəmkirdə çempion olsam Şəhriyar inciməyəcək.
– Şəmkir təəssüratlarını bizimlə bölüşərdin. Bu turnir yadında necə iz buraxıb?
– Şəmkir turnirinin təşkilatçıları hər bir qonağa özünəməxsus tərzdə yanaşır. Qonaqpərvərlik artıq Gəncədə hiss olunur. Hava limanında qarşılanma, oteldə yerləşdirmə yüksək səviyyədə icra olunur. Ona görə bu gün ShamkirChess dünyanın aparıcı şahmat turnirləri sırasındadır. Hətta istirahət günündə qonaqlar darıxmır. Adətən yeniyetmə şahmatçılarla görüşürük, sonra futbol oynayırıq. Şəmkirdə Vüqarın adınalayiq yarış keçirilir. Bu il XXI kateqoriyalı yarış izləyəcəyik. Ciddi mübarizə olacaq.
– Vüqar Həşimovu necə xatırlayırsan?
– Dost və sevimli həmkar kimi. Həmişə gülərüzlü olub. Hətta çətin günlərində belə gülməyi bacarırdı. Müsbət enerji ötürürdü. Əksər yarışlardan əvvəl onunla söhbət edirdik. Müzakirələr bəzən ciddi mübahisələr yaratsa da həmişə mehriban olmuşuq. Yadımdadır bir gün bilyard oynamağa getdik. Vüqar o qədər yaxşı oynamadığını deyirdi. Amma məni məğlub etdi. Sonra mən qalib gələrək ümumi hesabı bərabərləşdirdim. Bilyard oynamağı da yaxşı bacarırdı.