Son gündə daha bir medal

Parisdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.

Allsport.az xəbər verir ki, yarışın son günündə yığma komandamımız daha bir medal qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Səlim Tçkayev karyerasında ikinci dəfə analoji turnirdə gümüş medala layiq görülüb. 26 yaşlı cüdoçumuz iki il əvvəl də Paris tatamisində eyni nəticəni göstərmişdi.

Tçkayev finala gedən yolda Çin, Böyük Britaniya, Tacikistan və Qazaxıstan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə yaponiyalı Yuhei Oinoya uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

İlk gün Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal əldə etmişdi.

Beləliklə, Paris “Böyük dəbilqə”sini bir dəst medalla başa vuran Azərbaycan yığması 78 ölkə arasında kişilərin mübarizəsində 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutub.

Həmin kateqoriyadan