Sumqayıtda cüdo üzrə ustad dərsi

Azərbaycanda cüdonun yaranmasının 50-illiyi münasibəti ilə keçirilən tədbirlər planı çərçivəsində Sumqayıtda, şəhərin rəmzi sayılan “Göyərçin” abidəsinin ətrafında ustad dərsi təşkil olunub. Allsport.az saytı xəbər verir ki, ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Tədbirdə çıxış edən ACF prezidentinin müşaviri Natiq Bağırov, bu idman növünün özündə yaşatdığı fəlsəfi mahiyyət və gənc nəslin fiziki və mənəvi sağlamlığına verdiyi töhfədən danışıb. O, ölkəmizdə son illər cüdoya marağın artdığını, federasiya tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də söz açıb. Bildirib ki, bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Sonra paralimpiya oyunlarının və dünya çempionatının 2-qat qalibi, 9-qat Avropa çempionu İlham Zəkiyev ACF-in belə bir tədbiri Sumqayıt şəhərində keçirilməsinin şəhər sakinlərinin ürəyincə olduğunu bildirərək federasiya rəhbərliyinə təşəkkür edib.

Daha sonra ustad dərsi çərçivəsində Natiq Bağırov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və yeniyetmə cüdoçularımız Aytən Verdiyeva, Aynur Əfəndiyeva, Şahin Oruczadə, Əbil Yusubov müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər.

Onlar iştirakçılara cüdonun fəlsəfəsi və cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan