- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Zədəli olduğuna görə bir müddət komanda ilə birgə məşq etməyən, eyni zamanda İranla Bakıda keçirilmiş yoldaşlıq oyunlarında meydana çıxmayan futzal millimizin üzvü Taqo Teles artıq kollektiv çalışmalara qatılıb. Allsport.az saytı xəbər verir ki, Lüblyanadakı ilk məşqdən sonra hücumçu Futzal federasiyasının mətbuat xidmətinə müsahibə verib:
– Komandanın keçirdiyi taktiki məşqlərə qatıldın. Özünü necə hiss edirsən?
– Beşinci gündən komanda ilə məşqlər edirəm. Təbii ki, birdən-birə yükləmə vermirlər. Tədricən axına qoşuluram. Lyublyanada ilk məşqimizi keçirdik. Özümü normal hiss edirəm. Beşinci günə qədər vaxtımız var. Fransa ilə oyuna qədər hazır olacağıma və meydana çıxacağıma əminəm. Sadəcə, risk etmək istəmirik.
– Kollektiv məşqlərdən kənarda qalanda oyunçu fiziki baxımdan geri qalır. Sən necə, özünü bir addım geridə hiss etmirsən?
– Fiziki baxımdan heç bir axsama yoxdu. Komanda ilə birgə olmasa da, fərdi məşqlər edirdim. Uşaqlar oynayanda mən də fitnes zalda velosiped sürür, qaçır, başqa fiziki təmrinlər yerinə yetirirdim. Sadəcə, topla məşqlər etmirdim. Son bir həftədə topla məşqlərə başlamışam və rəsmi oyuna qədər bərpa olunacam.
– İrana qarşı oyunlarda iştirak etmədin. Demək olar, bir aydı heç bir oyunda iştirak etmirsən. Oyun təcrübəsi baxımından necə, çətinlik çəkməyəcəksən?
– Fikrimcə, belə problem olmayacaq. Artıq 30 yaşım var, gənc deyiləm, kifayət qədər təcrübəm var. Ola bilər, müəyyən fazada çətinlik çəkim, ancaq bu ciddi təsiredici məqam olmayacaq. Baş məşqçinin taktiki tapşırıqlarını da bilirəm. Gənc olsaydım, düşünmək olardı ki, hazırlaşa bilməyəcəm. Ancaq təcrübəm özümə güvənməyə əsas verir.
– İlk məşqi oyunun keçiriləcəyi “Stoyiçe Arena”da etdiniz. Örtük çətinlik yaratmadı?
– Parket çox yaxşıdı. Buna baxmayaraq, bizim üçün yeni olduğuna görə, uyğunlaşmalıyıq. Çünki ötürmələr zamanı top çox sürətlə hərəkət edir. Lyublyanaya tez gəlməyimizin bu baxımdan müsbət təsiri olacaq.
– Yığmanın yer aldığı qrupla bağlı nə deyə bilərsən?
– İspaniya ilə dünya çempionatında qarşılaşmışıq və çox güclü olduqlarını deyə bilərəm. Fransaya qarşı oyunumuz isə çox əhəmiyyətlidir. Onlar indi futzal tarixlərinin ən yaxşı komandasıdır. Xorvatiyanı mübarizədən kənarlaşdırmaları da bizi düşündürür. Təbii ki, onlara hörmətlə yanaşırıq. İlk qarşılaşmadan çox şey asılıdır. Bizim qələbə qazanmaqdan başqa yolumuz yoxdur.
– Alesio xüsusilə də müdafiə xəttindən şikayətlənir. İranla oyunları kənardan izlədiyinə görə, komanda haqda fikirlərini də bilmək istərdik.
– Bəzi istəyimiz alınmadı. İkinci oyunda Vassura oynamadır. İndi o, komandaya qoşulub. Fineo da bizimlədir. İranla oyun yoldaşlıq oyunu idi. Hər matçın öz xarakteristikası olur. Rəsmi matçla yoxlama oyununa köklənmək də fərqlidir. Həmin oyunda səhvlərimizi gördük, indi onu etməməliyik.