“Üstünlüyü inkişaf etdirmək mümkün olmadı”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Hou Yifanla bərabərə qalıb. Allsport.az saytı xəbər verir ki, ilk turda yarım xal qazanan Teymur Rəcəbov görüş haqda bunları deyib:

“Mənim üçün xanım rəqib və ya əksinə, fərqi yoxdur. Əsas odur ki, lazım olanda həlledici gedişi etmək lazımdır. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.

Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz”.

Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan isə söylədi ki, ilk turun nəticəsindən razıdır: “Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəm”.

Həmin kateqoriyadan