Veselin Topalov: “Səbəbini bilmirəm, amma istədiyim oyun alınmır”

Avropa Kubokunda çıxış edən “SOCAR-Azərbaycan” şahmat klubunun üzvü, dünya çempionu Veselin Topalov 6-cı turdan sonra yarış haqda fikirlərini bildirib. Allsport.az xəbər verir ki, Topalov ilk olaraq 6-cı turda Çexiyanın “Novi Bor” komandası üzərində qələbədən danışıb:

“İlk lövhədə Radoslav Voytaşekə qarşı mübarizə aparırdım. Maraqlı mübarizə oldu. Üstünlüyüm var idi, sadəcə, onu inkişaf etdirmək lazım idi. Rəqib o qədər fəal deyildi, passiv oynayırdı. Şadam ki, qələbə qazanmaqla komandamın uğur əldə etməsində pay sahibi oldum. Əsas məqsəd Avropa Kubokunun sonunda yüksək yer tutmaqdır”.

Veselin Topalov ümumilikdə Avropa Kubokunda oyunundan razı qalmadığını bildirdi: “Oyunumdan razı deyiləm. Mən bilirəm ki, Skopyedə yaxşı oynamıram. Səbəbini bilmirəm, amma istədiyim oyun alınmır. Voytaşek üzərində qələbə qazandım, amma yenə də oyundan razı qalmadım. Bəzən partiya rahat keçir, bir də olur ki, narahat olursan. Avropa Kuboku ərəfəsində bütün fikrim bu yarış haqda idi. Bakıda keçirilən Dünya Kubokundan sonra yalnız “SOCAR-Azərbaycan”ın çıxışı haqda fikirləşirdim. Lakin istədiyim oyunu göstərə bilmirəm. Makedoniyaya gələndən sanki qəribə hisslər özünü göstərir. Sanki yorğunam, adam yatmaq istəyir. Digər tərəfdən 1-ci lövhədə oynadığımı unutmamalıyam. Klubların yarışında ən güclülər ilk löhvədə çıxış edir. Hər tur güclü rəqiblə oynamaq asan deyil”.

Vladimir Kramnikə uduzmasından danışan Bolqarıstan şahmatçısı 5-ci turda rusiyalı dünya çempionuna məğlubiyyətini zəif oyunuyla izah etdi: “Həmin partiya ümumiyyətlə dəhşət idi. Debütdən pis vəziyyət aldım. Çıxış yolunu tapa bilmədim. İstədiyim oyunu sərgiləyə bilmədim. Zəif oynadım, çox zəif”.

Son tur ərəfəsində “SOCAR-Azərbaycan” lider “Sibir”dən 2 xal geri qalır. Bununla belə Veselin Topalov 7-ci turda da qələbə qazanmağın vacib olduğunu bilrdidi: “Rusiya klubuna məğlubiyyətdən sonra birinci pillədəki yerimizi itirdik. İndi lideri izləyirik. Son turda da uğur qazanmaq vacibdir. Turnir cədvəlində komandalar bir-birilərinə çox yaxındır. Ona görə hər bir qələbə yekun nəticəyə təsir edir. Hər şey bizdən asılı olmasa da, son mübarizədən qalib ayrılmaq lazımdır”.

Həmin kateqoriyadan