Vitali Vernidub: Azərbaycan xalqı dinə inanılmaz dərəcədə bağlıdır, insanları çox səbrlidir

“Qəbələ”nin müdafiəçisi Vitali Vernidub Ukrayna mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, qara dənizli həmkarımızla söhbətdə o, ölkə futbolunda vəziyyətdən, Avroliqada çıxışlarından danışıb, rayon həyatının müsbət və mənfi tərəflərinə toxunub.

– “Qəbələ” səni nə ilə cəlb etdi?
– Mən qarşıma həmişə yüksək hədəflər qoyuram, yaxşı, top-komandada oynamağa çalışıram. Avropada oynamaq istəyirdim. “Qəbələ”yə keçərkən də artıq əsl ölkə xaricinə getmək vaxtım idi. Daha iki il də qalsaydım, heç kimə maraqlı olmayacaqdım.

Əlbəttə, çoxları belə düşünür ki, Azərbaycan çox ekzotik və qeyri-futbol ölkəsidir. Amma oraya gedərkən futbolun yaxşı səviyyədə olduğunu gördüm. Orada yaxşı şərait var. Düzgün yanaşma sayəsində orada həm futbolçu, həm də bir peşəkar kimi inkişaf etmək olar. Şəxsi mənada da xüsusi həyat təcrübəsi qazanmış olursan. Axı Azərbaycan müsəlman ölkəsidir. Burada hər şey bir qədər fərqlidir, öz qanunları, qaydaları var.

– Belə fərqli bir ölkədə yaşamaq çətin deyil?
– Şəxsən mənim üçün problem deyil. Belə məqamlara tez uyğunlaşıram. Buna görə də heç bir problemlə üzləşmədim. Baxmayaraq ki, təəccübləndiyim məqamlar da var. Xüsusilə də din, məzhəb baxımından. Amma zamanla alışırsan və görürsən ki, bu xalq dinə inanılmaz dərəcədə bağlıdır, insanları çox səbrlidir.

– Hazırda Ukrayna və Azərbaycan futbolu arasında müqayisə apara bilərsən?
– Bir neçə il öncəyə qədər Ukrayna futbolu bir neçə baş üstün idi. Amma son illərdə çox şey dəyşib. Elə Azərbaycan barədə də eyni sözləri deyə bilərəm. Çünki bir neçə il öncəyə qədər bu ölkənin futboluna ciddi pul yatırılırdı. İndi isə vəziyyət çox fərqlidir.

– Tərəfdarlarınız sizə stadionun çıxışında kabab hədiyyə etmirlər?
– Qəbələdə hamı bir-biri ilə dostdur. Bu üzdən bəzən kuryozlar da yaşanır. Hamı əmindir ki, biz özümüzlə bir qutu hədiyyəlik futbol geyimi daşıyırıq. Uşaqlar da hər bir futbolçunun nəyisə onlara hədiyyə edəcəyini çox inanırlar. Amma bəzən oyunlar arasında çox az, bir-iki gün vaxt olduğuna görə, ehtiyat formaları daşımaq olmur və təəssüf ki, uşaqlara da belə hədiyyələr edə bilmirik.

– Baş məşqçiniz Roman Qriqorçuka orada münasibət necədir?
– Ardıcıl ikinci ildir ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanırıq. Hansı ki, ondan öncə belə bir şey olmamışdı. Komandamız çox gəncdir, cəmi 10 yaşı var. Belə qısa müddətdə belə uğura nail olmaq qürurvericidir. Azərbaycan futbol ictimaiyyətində bu uğurlara görə Qriqorçuka çox böyük hörmət edirlər, qiymətləndirirlər.

– Ailən səninlə birgə olur, ya Zaporojyedədir?
– Həyat yoldaşımla övladım 3-4 ay yanımda olsa da, onlara çətin idi. Oğlumun cəmi 3 yaşı var. Onun daha yaxşı inkişaf etməsi üçün ailəmizin geri qayıtmasına qərar verdik. Arada bir-iki həftəlik yanıma gəlirlər. İmkan olanda isə mən hər ay onlara baş çəkməyə gedirəm.

– Dil baxımından problem var?
– Onlarda gənc nəsil rus dilini az bilir. Amma bir qədər yaşlılar yaxşı bilirlər. Bakıda turistlər çox olur. Ona görə də rus dili köməyə çatır. Amma Qəbələdə bu baxımdan problem hiss edirəm.

– Qəbələ necə şəhərdir?
– Səssiz, sakit. Səs-küylü Bakıdan fərqli olaraq, Qəbələ əsl dağ kurortudur. Orada təmiz hava ala, istirahət edə, rahatlaşa bilirsən. Əyləncə üçün isə ancaq funikulyor var.

Həmin kateqoriyadan