Vüqar Həşimov memorialında rapidə son

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə 7-ci beynəlxalq superturnirin 4-cü yarış gününə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, dekabrın 21-də rapid yarışları başa çatıb.

Turnirin altıncı turunun ilk oyunlarında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov macarıstanlı Riçard Rapporta qalib gəlib. Təmsilçilərimiz Rauf Məmmədov çex David Navara ilə heç-heçə edib, Vüqar Əsədli rusiyalı Sergey Karyakinə uduzub. Sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand isə ABŞ şahmatçısı Fabiano Karuanaya məğlub olub.

Turun cavab oyunlarında Ş.Məmmədyarov R.Rapportla xalı yarı bölüb. R.Məmmədov D.Navaraya qalib gəlib. V.Əsədli S.Karyakin ilə, F.Karuana isə V.Anand ilə heç-heçə edib.

Sonuncu – yeddinci turun ilk partiyalarında Ş.Məmmədyarov F.Karuananı məğlub edib. V.Əsədli V.Ananddan, R.Rapport isə D.Navaradan üstün olub. R.Məmmədov və S.Karyakinin partiyasında qalib müəyyənləşməyib.

Cavab görüşlərində Ş.Məmmədyarov F.Karuana, V.Anand V.Əsədli, D.Navara isə R.Rapportla heç-heçə edib. R.Məmmədov isə S.Karyakinə məğlub olub.

Rapid yarışlarının yekunlarına görə, R.Rapport və S.Karyakin 16 xalla 1-2-ci, F.Karuana və Ş.Məmmədyarov isə 14 xalla 3-4-cü pilləni bölüşürlər. R.Məmmədov 9 xalla beşinci, D.Navara 8 xalla altıncı, V.Əsədli 4 xalla yeddinci, V.Anand isə 3 xalla sonuncu – səkkizincidir.

Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarət olub. Qalib adına rapid və blits yarışlarında ən çox xal qazanan şahmatçı sahib olacaq.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar dekabrın 22-23-də blits yarışlarında mübarizə aparacaqlar. Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Həmin kateqoriyadan