Vüqar Həşimov Memorialının açılış mərasimi keçirildi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada şahmat üzrə Vüqar Həşimovun xatirə turnirinin açılışı oldu. Allsport.az saytı xəbər verir ki, Vüqar Həşimov şahmat fondu, gənclər və idman nazirliyi, şahmat federasiyasının birgə təşkil etdiyi yarışın açılış mərasimi “Şuşa” mehmanxanasında baş tutdu.

Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov çıxış etdi. Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirildi. Ardınca AŞF-in prezidenti Mahir Məmmədov söz aldı. O, Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə, turnirin böyük tarixə malik olduğunu bildirib.

Öncəki illərdə Şəmkir, Bakı və Qəbələdə keçirilmiş memorialın tarixi anlarını əks etdirən video göstərildi. Bundan sonra isə söz təşkilat komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verildi. O, ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Açılış mərasiminin sonunda Vüqar Həşimov memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verdi. Sonra püşk mərasimi təşkil olundu. Şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdirdilər.

Həmin kateqoriyadan