Vüqar Həşimov memorialının iştirakçıları mərhum şahmatçının məzarını ziyarət edib

Vüqar Həşimov memorialı-2021-in iştirakçıları bu gün 2-ci Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısının məzarını ziyarət ediblər. Allsport.az saytı xəbər verir ki, ziyarətdə yarış iştirakçıları, təşkilat komitəsinin üzvləri – xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru, olimpiya çempionu Fərid Mansurov, Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvili, hüquqşünas Lətifə Əliyeva və media nümayəndələri iştirak ediblər.

İştirakçılar Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar. Sayca 7-ci dəfə təşkil olunan Vüqar Həşimov memorialında qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çex David Navara mübarizə aparırlar.

Dekabrın 23-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Həmin kateqoriyadan