Vüqar Həşimovun xatirə turniri Şuşada!

Sayca 10-cu Vüqar Həşimovun xatirə turniri 25-30 sentyabrda ilk dəfə ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev yubiley memorialında iştirakçıların adını açıqlayıb.

Rapid və blits üzrə keçiriləcək görkəmli şahmatçı Vüqar Həşimovun xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı olacaq.

Eyni zamanda turnirdə Nadirbəy Abdusəttarov (Özbəkistan, FIDE reytinqi 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), Yan Kşiştof Duda (Polşa, 2732), yarışın son qalibi Vidit Santoş Gujrathi (Hindistan, 2720) kimi tanınmış şahmatçılar mübarizə aparacaq.

Ümumilikdə yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. Son iştirakçıların adı yaxın günlərdə dəqiqləşəcək və mətbuata bu barədə məlumat veriləcək. Açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da olacaq. Turnir “Şuşa” otelində təşkil olunacaq.

Vüqar Həşimov memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.

Həmin kateqoriyadan